Sevgilisinə 15 il sonra qovuşan aktyor

ELAZ.İNFO

Papağını oğurlayan gəncə yardım edən, sevgilisinə 15 il sonra qovuşan, süfrəsi hər kəsə açıq olan aktyorumuz Lütfəli Abdullayevin (1914-1973) sabah anım günüdür. Aktyor axşam evə gəlirmiş. Yaşadığı binanın blokuna girmək istəyəndə haradansa çıxan bir adam əl atıb onun bahalı papağını başından götürür və qaçmağa başlayır. Demə, Lütfəli müəllimin xanımı və qızı da bu dəm balkona çıxıbmışlar ki, görsünlər, kişi harada qaldı. Bu səhnəni balkondan görürlər. Həm onların, həm də Lütfəli müəllimin özünün eyni vaxtda səslənən “adə, dayan”ı papağı götürüb qaçan adamı necə çaşdırırsa, yazıq qorxuya düşüb qeyri-iradi olaraq dayanır və dönüb geri baxır. Lütfəli müəllimi görən kimi azman sənətkarı tanıyır və yerində mıxlanıb qalır. Sonra yavaş-yavaş Lütfəli müəllimə yaxınlaşıb papağı qaytarır. Cavan bir oğlan imiş. Bu böyük insan da utandığından başını aşağı salmış gəncin qoluna girib onu evə aparır. Xanımının “oğrudur, quldurdur, sənsə…” məzmunlu etirazlarına baxmayaraq süfrə açdırır, adamı yedirib-içirir, cibinə xərclik qoyub yola salır…
Üstündən illər keçir, hadisə unudulur. Lütfəli müəllim vəfat edir. Həyətdə qurulan yas mağarının içində-çölündə gənc bir kişi əldə-ayaqda imiş, çay paylayır, stol-stul daşıyır, canı-dildən işləyirmiş. Qohumlardan, yaxınlardan heç kim onu tanımır. Axırda çağırıb “bala, sən kimsən, kimlərdənsən” deyə soruşurlar. Məlum olur ki, papağı götürüb qaçan oğlandır. Demə, Lütfəli müəllim sonradan həmin gəncə hey əl tutub, onu haradasa yaxşı maaşlı işə düzəldib, ailəsini dolandırmaqda kömək və himayədarlıq edibmiş, o da yaxşılığı itirməyib…
Lütfəli Abdullayev küçəyə çıxanda hər kəs gülümsünürmüş. Bu isə qızı Xurşud xanımın acığına gedirdi: “Evə gəlib ağlayırdım ki, niyə hamı atama gülür? Mənim atam gülməli deyil axı. Evdə heç vaxt eşitmədim ki, atam kiminsə dalınca danışsın”.
Fərhad Bədəlbəyli: “Onunla rayonlarda, şəhərlərdə səfərlərdə olurdum. Kolxozçudan tutmuş sürücüyədək, birinci katibədək hamı onu sevirdi. Onu görəndə hamı gülümsünürdü. Heç nə demirdi, sadəcə salam verirdi, hamı başlayırdı gülümsəməyə”.
1945-ci ildə lentə alınan “Arşın mal alan”da yeganə aktyor idi ki, onu sınaqsız çəkmişdilər. Bunun səbəbkarı isə Üzeyir Hacıbəyov idi. Üzeyir bəy Vəli rolunun ona çox yaraşdığını demişdi. Onun rol oynadığı bütün tamaşalarda anşlaq olurdu. Şəmsi Bədəlbəyli ilə yaxın dost olublar. Lakin Lütfəli müəllim bəzən tamaşalara özündən sözlər əlavə edirmiş. Şəmsi Bədəlbəyli isə belə olduqda ona etiraz edirmiş. Moskvada Azərbaycan mədəniyyəti günlərində “Bolşoy Teatr”da sənətkarlarımızın konsertini Stalin də izləyirmiş. Konsertdə Lütfəli Abdullayev də xor üzvü iştirak edirmiş. Tamaşadan sonra bütün xorun üzvləri Stalini alqışlayırlar və qabağa gəlirlər. Stalin musiqiçilərin orkestrin olduğu yerə yıxılacağını görüb iki əlini də qaldırıb “bəsdir, dayanın, yıxılarsınız” işarəsini verir. Lütfəli Abdullayev pərdə bağlananda həmkarlarına deyir: “Gördünüz? Stalin dedi ki, hərənizə 10 aylıq maaş veriləcək”. Bu o dövrdə böyük pul idi. Səhər DTK – “KQB” casusları Lütfəli Abdullayevi Stalin barədə zarafatı ilə bağlı sorğu sual edib incidirlər. Onu casusların əlindən zorla xilas edirlər – Fərhad Bədəlbəyli.
Aktyor küçədə tanış olduğu yad adamları evinə qonaq gətirirmiş. O, cəmi 7 sinif oxumuşdu. Qızı Gülnarə Abdullayeva: “Atam heç vaxt evdə səhər yeməyini tək yeməyib. Hər səhər süfrədə azı 4-5 nəfər olardı. Bu, anam üçün çətin idi. Anam sonra dedi ki, bu, belə adamdır, mən onu qəbul etməliyəm.
Atam orta məktəbdə ərəb əlifbası ilə oxumuşdu. Buna görə də kiril əlifbası ilə nə rusca, nə də azərbaycanca oxuya bilirdi. O, rolların mətnlərini evə gətirirdi, anam kiril əlifbasından oxuyurdu, atam isə balaca dəftərçəsində qeydlər aparırdı. Həmin dəftərçələr evdə qalır”.
Sevdiyi qız Sevda Pepinovaya 15 il sonra qovuşa bilib. Bu illər ərzində evlənməyb. Həyat yoldaşı Sevda xanım: “Lütfəli ilə yaşadığım illərdə həmişə hiss etmişəm ki, mənim arxamda dayağım var, dağ var”.
Dəfələrlə filmlərə dəvət alsa da, “mən teatr aktyoruyam”, – deyərək çəkilməkdən imtina edib.
O, ölümünü bir neçə saat əvvəldən hiss edib. Buna görə də bütün dost və tanışlarına zəng edib. Ömrünün son saatlarında Şəmsi Bədəlbəylinin ev telefonuna dəfələrlə zəng edib. Axırda Şəmsi Bədəlbəyli soruşub ki, məndən nə istəyirsən? Lütfəli Abdullayev sonra Bəxtiyar Vahabzadənin ev telefonuna zəng edib deyir: “Bəxtiyar, bu gün atan Mahmudu görəcəm. Bəlkə nəsə sözün var? De çatdırım”. Bəxtiyar Vahabzadə sözarası deyir ki, bu nə zarafatdır gecə vaxtı edirsən? Bundan sonra onlar sağollaşırlar. Bir neçə saat sonra Lütfəli Abdullayev vəfat edir.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights