ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib. “Suların istifadəsi və mühafizəsi” mövzusuna həsr olunan görüşdə su ehtiyatlarının gələcək nəsillər üçün qorunması əsas müzakirə mövzusu olub.
Tədbirdə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin rəisi Səttar Nəsirov, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri, yerli idarə və müəssisə rəhbərləri, habelə bələdiyyə sədrləri iştirak ediblər. Görüş zamanı Xidmətin əsas fəaliyyət istiqamətləri, su təsərrüfatı obyektlərindən qanunvericiliyə uyğun istifadənin hüquqi əsasları geniş izah olunub.
Tədbir iştirakçıları tərəfindən iqlim dəyişikliklərinin su ehtiyatlarına göstərdiyi mənfi təsirlər xüsusi diqqətə çatdırılıb. Müzakirələrdə vurğulanan əsas məqamlar bunlardır. Suyun hər damlasının qənaətlə işlədilməsi; Su təminatında qanunsuz müdaxilələrin və sızmaların aradan qaldırılması; Gələcək nəsillərin təmiz və fasiləsiz su ilə təmin olunması üçün indidən görülməli olan tədbirlər.
Tədbirin sonunda su obyektlərinin mühafizə zolaqlarının qorunması və ekoloji təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi bir daha qeyd edilib.
Ruslan MƏMMƏDOV