DISTANT AZKOMPLEKTLI MƏKTƏBLƏRƏ DOĞRU
ETN-nin islahatlar prosesində etdiyi çoxsaylı səhvlərin bəlkə də ən böyüyü ölkədə distant təhsilin 25 il ərzində qadağan edilməsidir. Nəinki inkişaf etmiş ölkələrdə, hətta Monqolustan, Cibuti v.s. kimi geridə qalan ölkələrdə də qəbul edilən bu sadə həqiqəti, 25 il ərzində bizim təhsil menecerləri heç cür qəbul etmirdilər.
Son 25 ildə distant təhsil mövzusunda bizim 100-lərlə məqaləmiz və TV müsahibələrimiz olub. Təəssüf ki, bu 25 ildə menecerlərin səhvləri və anlaşılmaz höcətliyi səbəbi ilə təhsilimiz dünyanın müasir inkişaf səviyyəsindən xeyli geridə qaldı. Bu səbəbdən bu gün təhsilimizin rəqəmsallaşması səviyyəsi çox geridədir.
Bu gün süni intellektin inkişaf etdiyi müasir dövrdə distant təhsilin imkanları dəfələrlə artıb. Rəqəmsal transformasiya distant təhsili adaptiv və fərdi təhsilə çevirir, hansı ki, təhsil tarixində bu yalnız arzu olaraq səslənirdi.
Bu gün UNEC-də keçirilən ” Təhsil Menecerləri III Forumu”nda prof. Ə. Muradov bu mövzuda maraqlı faktlar açıqladı. Süni intellekt epoxasında təhsilin bütün parametrləri və elementləri dəyişir. ETN komandasının bu sahədə maariflənməsinə ciddi ehtiyac var, əks halda ölkədə elm və təhsilin rəqəmsal transformasiyası mümkün olmayacaq.
5 il əvvəl distant təhsilin ziyanları haqqında danışan nazir E. Əmrullayev indi niyə belə gözlənilməz qərar verdi? Nə baş verdi?
Ölkənin təhsil siyasəti, təhsil strategiyası yoxdurmu?
Nazir niyə tez-tez öz mövqeyini dəyişir?
Hətta pandemiya kimi bir qlobal bəla ETN-ni səhv mövqesinə təsir etmirdi, niyə kəskin mövqe dəyişikliyi oldu?
Bu haqda şərh bölümündə verdiyimiz məqalələrdə söhbət açmışıq.
ETN ucqarlarda olan məktəbləri azkomplektili distant texnologiyalı məktəb kimi saxlamaq istəyir. Çünki, bu məktəbləri bağlamaq və ya 1500 məktəbin şagirdlərini qonşu kəndlərə avtobusla hər gün dərslərə daşımaqdansa, bu təhlükəsizlik və azməsrəfli qərardır. Bu halda daha 1500 avtobus almaq və onları gündəlik xərclərini maliyyələşdirmək rasional addım deyildi. Bu ideyanı biz əvvəllər dəfələrlə səsləndirmiş və məqalələrdə yazmışıq. Amma ETN verilən təklifləri heç cür qəbul etmirdi.
ETN daim mütərəqqi ideyalara qapalı olub. İndi isə distant təhsilə dəyər verdiyi üçün yox, xərcləri azaltmaq üçün məcburən bu təklifi qəbul edir. Yəni, bu qərar pedaqoji təfəkkürlə yox, maliyyə azlığı səbəbi ilə qəbul edilir.
Bu təklifi ETN normal reallaşdıra biləcəkmi? Düşünürəm ki, yox. Çünki, bu qurum son 25 ildə heç bir təhsil layihəsini uğurla icra edə bilməyib. ETN hətta, “Məktəblinin dostu” kimi mənasız bir layihəni də heç səmərəli reallaşdıra bilməyib. Bu layihənin icrası da yəqin ki, cüzi maliyyələşəcək, layihə səriştəsiz dost-tanışlara veriləcək, arada minlərlə məktəblimiz keyfiyyətsiz, yarı-yarımçıq təhsil alacaqdır. Əgər belə olacaqsa, bu ETN-nin növbəti uğursuz layihəsi və təhsilimizə daha bir zərbəsi olacaqdır.
Heç vaxt təhsil islahatlarında elmi təminata əsaslanmayan bu qurum, ehtimal ki, yenə də ənənə üzrə hərəkət edəcək.
Pandemiya vaxtı olan uğursuzluğun səbəbi məlum idi. Hazırlıqsız, təcrübəsiz, tələsik başladılar bu işə. Amma indi səhv edilsə, bunun heç bir izahı yoxdur.
Bəs azkomplektli məktəblərdə distant təhsilin hansı imkanları var?
Azkomplektli məktəblərdə distant təhsilin tətbiqi ilə tədrisin təşkili imkanları.
Azkomplektli məktəblərdə distant təhsilin tətbiqi, müəyyən şərtlər daxilində, ucqar kəndlərdəki məktəblərin bağlanmasının qarşısını ala bilər. Distant təhsilin tətbiqi azkomplektli məktəblərdə tədrisin təşkilinə əlavə imkanlar yaradır.
Distant təhsil (DT) azkomplektli məktəblərə nə kimi imkanlar yaradır?
- Keyfiyyətli tədrisə çıxış imkanı. Azkomplektli məktəblərdə müəllim çatışmazlığı problemi daim olub. Distant təhsil vasitəsi ilə şagirdlər, şəhərlərdə və ya ixtisaslaşmış məktəblərdə çalışan yüksək ixtisaslı müəllimlərin dərslərinə qoşula bilərlər. Bu da tədrisin keyfiyyətini, şagirdlərin təhsil imkanlarını və təhsilə marağını yüksəldər.
- Məktəblərin fəaliyyətinin qorunması imkanı. Əgər azkomplektli məktəblərin bağlanması nəzərdə tutulursa, distant təhsil onların ənənəvi formada bağlanmasının qarşısını ala bilər. Belə məktəblər hibrid təhsil modelinə keçərək, həm ənənəvi, həm də onlayn dərsləri birləşdirə bilərlər.
- Resurslardan səmərəli istifadə imkanı. Azkomplektli məktəblər üçün bütün fənlər üzrə müəllim tapmaq və onları işə cəlb etmək çətindir. Distant təhsil bu problemi həll edərək, müxtəlif bölgələrdəki şagirdlərə bir platforma üzərindən təhsil alma imkanı verir.
- Şagirdlərin transferi (yerdəyişməsi) problemini aradan qalxır. Məktəblərin bağlanması zamanı şagirdlər digər məktəblərə getməli olur ki, bu da nəqliyyat və vaxt itkisi kimi problemlər yaradır, qış mövsümündə dağ kəndlərindəki yolların nəqliyyat üçün də riskli olmasını unutmalı deyilik. Distant təhsil vasitəsilə şagirdlər öz evlərindən təhsillərini davam etdirə bilərlər.
- Müasir texnologiyalardan istifadə. Distant təhsil şagirdlərin İKT bacarıqlarını inkişaf etdirir və onları gələcəyin rəqəmsal dünyasına hazırlayır. Bu, həm şagirdlərin, həm də müəllimlərin innovativ texnologiyalarla işləmə qabiliyyətini artırır.
- Şagirdlər və onların ailə üzvləri gələcəkdə bu texnologiya ilə peşə təlimləri də keçə bilərlər. Nəzərə alaq ki, gələn il 200 min azərbaycan vətəndaşı hökumətin maliyyə dəstəyi ilə
COURSERA platforması üzərindən müxtəlif onlayn təlimlər keçmək imkanına malik olacaqlar.
Bütün bunlarla yanaşı, distant təhsilin azkomplektli məktəblərdə tətbiqi müəyyən problemlərlə də qarşılana bilər. Lakin bu problemlərin həll edilməsi mümkündür.
Distant təhsilin azkomplektli məktəblərdə tətbiqinin mümkün problemləri:
- Texnoloji infrastruktur çatışmazlığı. Ucqar bölgələrdə internetə çıxışın zəif olması distant təhsil prosesini çətinləşdirə bilər. Bu problemi həll etmək üçün hökumət tərəfindən infrastruktur yatırımları tələb olunur.
- Texnoloji biliklərin çatışmazlığı. Həm müəllimlər, həm də şagirdlər arasında rəqəmsal savadlılığın aşağı olması distant təhsilin effektivliyini azalda bilər. Buna görə təlimlər və dəstək proqramları təşkil edilməlidir.
- Sosial təmasın azalması. Distant təhsil, şagirdlərin məktəb mühitindəki sosial əlaqələrini zəiflədə bilər. Bu, uşaqların psixososial inkişafına mənfi təsir göstərə bilər.
- Maliyyə problemləri. Texnologiya təminatı (kompüterlər, planşetlər, internet bağlantısı və s.) azkomplektli məktəblər üçün əlavə maliyyə yükü yarada bilər.
Distant təhsilin azkomplektli məktəblərdə tətbiqi üçün təkliflər:
- Hibrid təhsil modeli. Ənənəvi tədrisi tamamilə dayandırmadan, distant təhsili əlavə vasitə kimi tətbiq etmək lazımdır. Məsələn, əsas dərslər məktəbdə keçirilsin, bəzi fənlər isə onlayn formada təqdim olunsun.
- Texnoloji infrastrukturun gücləndirilməsi. Ucqar bölgələrdə internetə çıxışı təmin etmək üçün dövlət və ya özəl sektor vasitəsilə sərmayə qoyulmalıdır.
- Müəllim və şagirdlər üçün təlimlər. Distant təhsilin effektivliyini artırmaq üçün həm müəllimlər, həm də şagirdlər üçün texnologiyalardan istifadə üzrə təlimlər təşkil olunmalıdır.
- Distant təhsil platformalarının yaradılması. Yerli məktəblərə uyğunlaşdırılmış xüsusi distant təhsil platformaları hazırlanmalıdır. Bu platformalar müasir metodikaları dəstəkləməli və istifadəsi asan olmalıdır.
- Müxtəlif texnologiyaların tətbiqi. Video dərslər, onlayn tapşırıqlar, tədris materialları və virtual siniflər vasitəsilə distant təhsil zənginləşdirilə bilər.
Distant təhsilin azkomplektli məktəblərdə tətbiqi, onların bağlanmasının qarşısını almaq üçün səmərəli bir həll yoludur. Amma bu yanaşma texnoloji və inzibati dəstək tələb edir. Bu proseslərin düzgün planlaşdırılması və icrası həm məktəblərin fəaliyyətini qorumağa, həm də təhsilin keyfiyyətini artırmağa, həm sosial narazılığa sion qiymağa, həm də ucqar kəndlərdə həyatın davam etməsinə imkan yarada bilər.
İlham ƏHMƏDOV
Dosent


