Bu il Nobel Sülh mükafatı venesuelalı müxalifətçi Mariya Maçadoya verildi. Güman edirəm ki, mükafat alanadək dostluğumda onu tanıyanları barmaqla saymaq olardı. Elə Nobelə namizədlər arasında da 8 oktyabradək onun şansı 3%-dən aşağı qiymətləndirilirdi. Gəlin, aşağıdakı 2 suala cavab verək:
-Maçado kimdir?
– Niyə məhz o, dünyanın ən yüksək siyasi mükafatına layiq görüldü?
– Mariya Maçado 1967-ci ildə Venesuelanın paytaxtı Karakasda doğulub. İspan konkistadorlar nəslindəndir. Maçadolar qədim nəsildir, İspaniyada da qolları var. Bu nəsildən çoxlu tanınmış adamlar, yazıçılar, dövlət xadimləri çıxıb.
Atası sahibkar, anası psixoloqdur. Ailədə 4 bacıdan böyüyüdür. Katolik ənənələrlə tərbiyə alıb. Boşanıb, 3 uşağı var.
Orta təhsilə Venesuelada başlayıb, yuxarı sinifləri ABŞ-da internat məktəbində oxuyub. Maşınqayırma ixtisası üzrə bakalavriatı (Andrec Belyo Katolik Universitetində), maliyyə ixtisası üzrə magistraturanı bitirib (Venesuelada).
90-cı illərdə avtomobil sənayesində işləyib. 1992-ci ildə kimsəsiz uşaqlara yardım üzrə Atenea xeyriyyə fondu təsis edib (pulu kim verib?). 2001-ci ildə Venesuelada seçkilərin müşahidəsi üzrə Sumate təşkilatının həmtəsisçisi olub. Uqo Çavesə müxalifətdə olub və onun istefasını tələb edib. Çaves ABŞ-ın Latın Amerikası siyasətinin əsas tənqidçilərindən biri idi.
Sonra ABŞ-ın Yel Universitetində oxuyub. 2010-cu ildə ölkə parlamentinə deputat seçilib. 2011-ci ildə prezidentliyə namizədliyini verib, lakin müxalifət Enrike Kaprilesin namizədliyini təsdiq edib. 2012-ci il prezident seçkilərində Kapriles Çavesə uduzdu. 2012-ci ildə Maçado Vente Venezuela (Gəl, Venesuela) partiyasını təsis etdi. Bu partiya azad iqtisadiyyat, dövlət müəssisələrinin özəlləşdirilməsi və vətəndaş institutlarının gücləndirilməsi, dövlətin iqtisadiyyata təsirinin azaldılmasını məqsəd götürmüşdü.
Çaves 2013-cü ilin 3 martında öl(durul)dü. 14 apreldə yenidən prezident seçkiləri oldu. Bu dəfə əsas namizədlər Çavesin ideyadaşı Nikolas Maduro və yenə Kapriles idi. Maduro 1,5% səs üstünlüyü ilə prezident seçildi. Kapriles seçki nəticəsini qəbul etmədi. 2014-cü ilin fevralında ABŞ-ın maliyyə və təşkilati dəstəyi ilə Maduroya qarşı kütləvi etiraz aksiyaları və nümayişləri başladı. Lakin “rəngli inqilab” uğursuzluqla nəticələndi. Maçado etiraz aksiyalarının aparıcı şəxslərindən biri idi. Vaşinqtonda Amerika Dövlətləri Təşkilatının iclasında müxalifət adından çıxış etdikdən sonra 2014-cü ilin martında Maçadonun deputat mandatı ləğv edildi.
2018-ci ilin 20 mayında Maduro 2-ci dəfə prezident seçildi. Trampın dövrünə düşən bu seçkilərdə ABŞ parlamentin spikeri Xuan Quaydonu müdafiə edirdi. Bütün səylərinə, xərclərinə baxmayaraq, ABŞ Quaydonu seçdirə bilmədi. Təbii ki, ABŞ və onun ağzına baxan ölkələrin çoxu seçkilərin saxtalaşdırıldığını bəyan etdilər və Maduronu yox, Quaydonu prezident kimi tanıdılar. 2019-cu ilin 30 aprelində ABŞ-ın dəstəyi ilə Quaydo tərəfdarları çevrilişə cəhd etdilər, lakin baş tutmadı. Quaydo ABŞ-a qaçdı.
2023-cü ildə Maçado növbəti prezident seçkilərində müxalifətdən vahid namizəd kimi kampaniyaya başladı. 30 iyunda hakimiyət kütləvi ixtisaslara çağırışlar etdiyinə və Venesuelanın beynəlxalq iqtisadi blokadasını müdafiə etdiyinə görə ona 15 il müddətində prezident seçkilərində iştirak etməyi qadağan etdi. Ali Məhkəmə bu qərarı təsdiq etdi. Buna görə də o, 2024-cü il seçkilərində iştirak edə bilmədi. Öz yerinə filosof Korina Yorisin namizədliyini irəli sürdü, lakin Seçki Komissiyası onun namizədliyini qəbul etmədi. Daha sonra Maçado diplomat Edmundo Qonsalesin namizədliyini irəli sürdü və o, qeydə alındı.
2024-cü il seçkilərində də Maduro qalib gəldi. Müxalifət kütləvi saxtakarlıq ittihamları ilə seçki nəticələri ilə razılaşmadı. Yenə ABŞ-ın təşkilati və maliyyə dəstəyi ilə kütləvi etiraz aksiyaları başladı. Etiraz aksiyaları 2025-ci ilin əvvəllərinədək davam etdi. Bu aksiyalarda Maçado fəal iştirak edirdi.
Mart ayından sonra bir neçə ay Maçado gözə görünmədi. Müxalifət onun həbs olunduğunu iddia edir, hakimiyyət isə bu iddiaları rədd edirdi. Bəzi məlumatlara görə, Maçado ABŞ-ın Karakasdakı səfirliyinin binasında yaşayır, uşaqları xaricdədir.
Məlumat üçün bildirək ki, ABŞ Səfirliyi Venesuelada fəaliyyətini dayandırıb, lakin binanın təhlükəsizlik (aydındır ki, kəşfiyyat) və xidmət heyəti işləyir.
Maçado iqtisadi, siyasi, sosial baxışlarına görə tipik ultraqlobalistdir – ABŞ-ın Demokratlar partiyasının yetişdirməsidir, eynicincli nikahların leqallaşdırılması tərəfdarıdır.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi