19 mart 1994-cü il…. Düz 31 il öncə xalqımız bir daha mənfur qonşumuz Ermənistan tərəfindən terror hücumuna məruz qalmışdır. Bakı metropoliteninin “20 yanvar” stansiyası- onlarla ölü və yaralı….
Həmin dövrdə xarici destruktiv qüvvələr tərəfindən ölkəmizdə alovlandırılan separatçı ocaqlardan biri- ləzgi terror təşkilatı “Sadval” Ermənistan xüsusi xidmət orqanları tərəfindən istifadə edilmiş, 20 nəfərdən çox separatçı şəxs Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsindəki terror düşərgəsində təlimlərə cəlb edilmişdir. Nəticədə həmin qrup tərəfindən terror aktı törədilmişdir. Qrup üzvlərinin sağ qalanları cinayətləri tam sübuta yetirilərək həbs edilmişdir.
Vətəndaşlarımız bir daha düşmən ünsürlərin ölkəmizə qarşı siyasi cəhətdən tam yetkin olmayan şəxslərimizdən mənfur məqsədləri üçün istifadə etməsinə şahidlik etmişdir.
Düzdür, Azərbaycan artıq qalibdir və düşmən məğlub edilmişdir, işğalda olan torpaqlarımız azad edilmişdir. Amma sayıqlığımızı itirməməliyik. Xalqımız daha da sıx birləşməlidir. Çünki, Azərbaycanımıza qarşı olan destruktiv qüvvələr, düşmən ünsürlər fəaliyyətlərini dayandırmamışlar, əksinə, yeni forma və metod axtarışındadırlar.
Allah terror qurbanlarına rəhmət eləsin!
Natəvan BƏYDİLİ