Saxta təhsil menecerləri

ELAZ.İNFO

ÖLKƏDƏ SAXTA ALIMLƏRDƏN ÇOX, SAXTA TƏHSIL MENECERLƏRI VAR, ONLARIN ELM VƏ TƏHSILƏ HEÇ BIR AIDIYYATI YOXDUR. BELƏLƏRI DÖVLƏTƏ DAHA TƏHLÜKƏLIDIR, NƏİNKİ SAXTA ALİM.

ETN ARTİ-ni ÇÖKDÜRÜB, FB-də ELM AXTARIR?

Son günlər elm-təhsil nazirinin saxta alimlər haqqında söylədiyi sözlər ictimai rezonansa səbəb olub. Bu sözlərdə həqiqətin payı az deyil. Amma ehtimal ki, nazir bunu söz gəlişi deyir, sonda yenə heç nə dəyişməyəcək. Nazir özü də yaxşı bilir ki, saxta diplomlu müəllim və alimlərin hər biri dövlət qurumlarının verdiyi rəsmi sənədlərin, ali təhsil və elmi ad və dərəcə diplomlarının sahibidirlər. Heç kim özünü alim və ya müəllim elan edə bilməz. Bu səbəbdən nazir sözünü konkret ünvana- AAK və universitetlərə, ilk növbədə isə öz sələflərinə ünvanlamalıdır.
İndiki məqamda isə ETN öz tarixi səhvlərini konkretləşdirməli, sistemləşdirməli, elmi-konseptual bazada bu problemləri həll etməlidir, bu səhvlərin səbəbkarı kimi, onun qurbanlarına yönəltməli deyil.
Tez-tez səsləndirilən: mən bu kateqoriyadan olanları müəllim hesab etmirəm, alim hesab etmirəm, ölkədə alim yoxdur v.s. kimi fikirləri söyləməklə, problemlər həll edilməz. Bu yalnız cəmiyyətdə etimadsızlıq mühiti yarada bilər. Bu yanaşma ilə nə islahat, nə də inkişaf ola bilməz.
Məsələlərə belə yanaşma davam edərsə, bir gün də müəllimlər və alimlər deyərlər ki: elm və təhsil sahəsində təcrübəsi, xüsusi xidmətləri, elmi-pedaqoji nailiyyətləri olmayanları, bu sahədə beynəlxalq təcrübəni bilməyənləri də biz elm-təhsil meneceri hesab etmirik. Bu gün həqiqətən də ölkədə saxta alimlərin sayından çox, saxta təhsil menecerləri var, hansıların ki, elm və təhsilə heç bir aidiyyatı yoxdur. Belələri dövlətə daha təhlükəlidir.
ETN təhsilə aiddiyyatı olmayanları- şərab və şəkər zavodunun menecerlərini nazirlikdə mühüm vəzifələrə gətirəndə, tender və qrantları dostlarına paylayanda, TİF fondunun büdcəsini hara gəldi israf edəndə niyə belə “obyektiv” olmurdu?
Digər tərəfdən, elm camiəsi hesab edir ki, bu tənqidi sözləri nazir elmə ürəyi yandığı üçün demir. Son 5 ildə onun elmə və alimə heç bir diqqəti, qaygısı, dəstəyi hiss edilmədi. ETN hələ də nə elmə, nə də alimlərə qrantlar vermir, hələ də elmə ayrılan maliyyə çüzidir. Nazir özü də yaxşı bilir ki, belə durumda elmdən danışmaq mümkün deyil. Yoxsa, son 30 ildə elm bu günə düşməzdir. Ehtimal ki, nazir özünü sığortalamaq üçün bu sözləri deyir. Sabah ondan soruşulanda kı, 5 milyard büdcəsi olan elm və təhsil sistemi niyə çöküb, o, cavab verəcək ki, ölkədə alim yoxdur, çoxu saxtadır, müəllimlər savadsızdır, kvadratın perimetrini tapa bilmirlər, mən nə edə bilərdim?
Elmdən söhbət gedirsə, təhsil islahatlarının elmi təminatı kimi mühüm məsələni də unutmaq olmaz. ETN, zəngin elmi-metodik təcrübəsi olan ARTİ-nin fəaliyyətini iflic edib, əvəzində heç bir yeni elmi mərkəz, beyin mərkəzi yaratmadan, təhsil tədqiqatçılarının rəy və təkliflərini eşitmədən səmərəli və nəticəvi təhsil islahatı apara bilərdimi? Yox. Niyə belə etdi? Bunun izahı hələ də verilməyib.
Vaxtı ilə müəllimləri təkmilləşdirmə institutlarının bağlanması nə qədər səhv addım idisə, indi də ARTİ-ni elmi təyinatdan yayındırılıb, kurs səviyyəsinə endirilməsi elə bir səhv idi. Adam təəccüb qalır. İslahat adı ilə, kim nə istəyir, onu da edir. Amma islahatlarda ən çox lazım olan elmi təminat və müəllimlərin fasiləsiz təhsili idi. Hər iki səhvin əsas mənbəyi, islahat yox, islahata ayrılan maliyyənin daha rahat “idarəedilməsi” olub. Bu səhv yanaşma nəricəsində tərsinə qurulmuş təşhsil sistemi yarandı.
Elm və təhsil islahatları prosesində menecerlər mövcud nöqsanları sadalamalı, amma onların səbəblərini göstərməli, bu nösanları aradan qaldırmaq yollarını, inkişafyönlü kokret layihələr təklif etməli, maliyyələşdirməli və reallaşdırmalıdır.
Özlərini peşəkar təhsil meneceri sayanlar niyə bu sadə həqiqətləri bilmirlər? Bəlkə bilirlər, amma reallaşdırmaq istəmirlər? Niyə?
Son illər təhsilin büdcəsi heç vaxt olmadığı qədər böyük məbləğdir. Bu imkan bəlkə də sonralar heç olmayacaq. Elm və təhsildəki illər ərzində qalaqlanan problemləri indi də həll etməyib, nə vaxt həll edəcəyik? Bahalı otellərdə bahalı tədbirlər keçirdib, selfi çəkdirməklə elm və təhsilin inkişafı mümkün deyil.
Digər mühüm məsələ elm-təhsil- KİV münasibətlərinin səmərəsiz qurulmasıdır. Təhsil kimi mühüm strateji sahə sanki bizim peşəkar jurnalistikamızın diqqətindən kənarda qalıb. Bu mövzuda ixtisaslaşan jurnalistlərimiz azdır. Jurnalistlərin elm-təhsil sahəsində dərin və hərtərəfli analitik təhlilləri, bu sahəyə sistematik diqqətləri hiss edilmir. Olan yazılar da əsasən təhsildəki böhranlı halların təhlilinə deyil, “batan təhsil gəmisi”nin tərifi və PR edilməsinə həsr edilib. 0Görünür ETN-lə isti münasibətləri qorumaq, bəzi jurnalistlər üçün ictimai mənafedən daha mühümdür.
TV kanallar da həmçinin. Az sayda TV kanallar bu mövzuda obyektiv verilişlər təşkil edir.. Verilişlərə dəvət edilənlər bir qayda olaraq ETN-nin süzgəcindən keçən, tövsiyyə edilən, bu quruma PR xidməti edən şəxslər olur.
Tövsiyyə edilməyən şəxslərin iştirak etdiyi verilişlərə isə ETN ya öz məmurlarını yollamır, ya da N sayda tərəfdaşını yollayır ki, verilişdə hay-küy yaradılsın, mövzudan yayınsınlar, müstəqil fikir deyənlərə efir vaxtı az qalsın. Bəzən də ETN nümayəndəsi verilişdən sonra TV redaktoruna zəng edib: “filan qonağı bir daha təhsilə dair verilişlərinizə dəvət etməyin, o daim bizi tənqid edir, bizə düzgün yol göstərir, bizi çaşdırır, az qala biz düz yola çıxaq” kimi ultimatumlar verirlər.
ETN isə həmişəki kimi mətbuata, ictimai rəyə, ictimai nəzarətə, mütəxəssislərin rəy və təklifinə qarşı məsuliyyətsiz, qeyri-peşəkar, birtərəfli, qeyri-obyektiv münasibət sərgiləməkdə davam edir. Təhsil menecerləri deyəsən hələ də KİV-in mahiyyətini, ictimai mühitdəki rolunu, KİV ilə faydalı əməkdaşlığı düzgün qiymətləndirmir, fəaliyyətlərini səmərəli qura bilmirlər. Mətbuatda və social şəbəkələrdə verilən dəyərli təkliflər bütün maraqlı tərəflərin iştikı ilə geniş müzakirə edilməli, əgər bu təkliflərdə az da olsa faydalı ideyalar, rüşeymlər varsa, istifadə edilməli, onlardan faydalanmalıdır.
Nazir də vaxtı ilə deyirdi ki, biz sosial şəbəkələrdə təhsilə dair maraqlı elmi təkliflər görmürük. Bəlkə, ETN ARTİ-ni çökdürüb, FB-də elm axtarır?

İlham ƏHMƏDOV

Dosent

Bizimlə oxuyun
Verified by MonsterInsights