Uydurma “soyqırım”ları olduğu kimi (məsələn, uydurma “erməni soyqırımı”kimi), saxta “orden-medal”lar da olur.
Ötən gün mətbuatda saxta orden və medal təsis edən bir neçə QHT sədrinin cinayət məsuliyyətinə cəlb edilmələri barədə məlumat yayıldı.
Bu işi “biznes”ə çevirən, pulla “orden”, “medal” satan şəxslər və təşkilatlar çoxdur. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra belələrinin sayı daha da artıb.
Ancaq çox təəssüf ki, saxta orden və medalların, habelə müxtəlif təyinatlı vəsiqələrin hazırlanmasına, satılmasına uzun müddət göz yumulub. Ona görə də bu cür xoşagəlməz fəaliyyətlə məşğul olanların sayı “yağışdan sonra göbələk” kimi sürətlə artırdı.
Ancaq “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin və “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun saxta orden və medallar hazırlayıb satmalarına, sözün düzü, inanmadım. Çünki Füzuli Rzaquliyev fədakar Qarabağ qazilərindən biridir, torpaqlarımızın müdafiəsi uğrunda döyüşüb. Eldar İsmayılov isə diaspor sahəsində və Azərbaycanın xaricdə təbliği, tanıtımı istiqamətində çox iş görüb. Hər ikisinin Vətən qarşısında xidmətləri var.
Ümid edək ki, onların saxta orden-medal alverinə bulaşmadığı faktı tezliklə təsdiqlənəcək.
Bu cür kirli işlərlə gerçəkdən məşğul olan “akula”ların, dələduzların cinayət məsuliyyətinə cəlb edilmələri isə təqdirəlayiq addımdır.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi