Son illər xaricdə iş və ya təhsil adı altında yayılan saxta elanların artması təsadüfi proses kimi qiymətləndirilməməlidir. Bu fenomen yalnız klassik dələduzluq mexanizmi deyil, daha dərin və təhlükəli bir zəncirin — insan alveri riskinin ilkin mərhələsi kimi də dəyərləndirilə bilər. Bu baxımdan Daxili İşlər Nazirliyinin son müraciəti sadəcə xəbərdarlıq deyil, peşəkar risk qiymətləndirilməsinə əsaslanan preventiv, yəni qabaqlayıcı addım kimi qəbul olunmalıdır. Burada əsas riskin mahiyyəti ondan ibarətdir ki, insan alverinin qurbanlarının böyük əksəriyyəti prosesin əvvəlində özlərini cinayət sxeminin içində deyil, yeni imkan əldə etmiş şəxs kimi görür və təhlükəni dərhal dərk etmir. Təcrübə göstərir ki, bu risk adətən üç mərhələdə formalaşır. İlk mərhələdə həddindən artıq cəlbedici vədlər irəli sürülür — dil bilmədən iş, yüksək maaş, sənədsiz və sürətli prosedurlar və s. Bu təkliflər çox vaxt qeyri-rəsmi vasitəçilər, sosial şəbəkələr, mesajlaşma tətbiqləri və ya şəxsi əlaqələr üzərindən təqdim olunur. Növbəti mərhələdə sənədlər üzərində nəzarət itirilir, pasport və digər sənədlər müxtəlif bəhanələrlə götürülür, müqavilə bağlanmır və hüquqi boşluq yaradılır. Bundan sonra isə məsələ artıq iş və ya təhsil deyil, məcburi əmək, cinsi istismar və ya tam asılılıq mərhələsinə keçə bilir. Xaricdə iş və ya təhsil təklifi mütləq hüquqi qeydiyyatı olan qurum tərəfindən verilməlidir. İşəgötürən və ya təhsil müəssisəsi rəsmi dövlət reyestrində mövcud olmalı, təklif yazılı müqavilə və ya rəsmi qəbul sənədi ilə təsdiqlənməlidir. Əgər təklif tez qərar verməyi tələb edirsə, əvvəlcədən ödəniş şərti qoyulursa və ya sənədlərin müvəqqəti alınması normal hal kimi təqdim edilirsə, bu artıq yoxlanmalı təklif deyil, uzaq durulmalı risk hesab edilməlidir. Daxili İşlər Nazirliyinin bu tip çağırışlarının əhəmiyyəti ondadır ki, qurum hadisə baş verdikdən sonra deyil, baş verməzdən əvvəl mövqeyini ortaya qoyur. Bu yanaşma erkən xəbərdarlıq mexanizmi kimi qiymətləndirilə bilər və hüquq-mühafizə orqanlarının yalnız reaktiv deyil, proaktiv təhlükəsizlik modelinə keçdiyini göstərir. Uzun müddətdir ki, Nazirlik hadisələrin nəticələri ilə mübarizə aparmaqla yanaşı, risklərin qarşısının alınmasına yönəlmiş tədbirlər həyata keçirir. Bu prosesdə üç mühüm məqam diqqət çəkir. Birincisi, risklərin real faktlara əsaslanaraq ictimailəşdirilməsidir. Daxili İşlər Nazirliyinin bu sahədə kifayət qədər məlumat və imkanları mövcuddur və bu səbəbdən belə çağırışlara ciddi yanaşmaq vacibdir. İkincisi, bu müraciətlər vətəndaşların hüquqi məlumatlılığının artırılmasına yönəlmiş açıq mesajdır — yəni belə hallar mümkündür və vətəndaşlar ehtiyatlı olmalıdır. Üçüncüsü isə insan alverinə qarşı mübarizədə dövlət və cəmiyyət tərəfdaşlığının təşviq edilməsidir. Şübhəli hallar barədə məlumat verilməsi cinayətin qarşısının vaxtında alınmasına imkan yaradır və bu yanaşma praktikada ən effektiv üsullardan biri hesab olunur.
Heç bir halda pasport və ya şəxsi sənədlər üçüncü şəxslərə verilməməlidir. Müqaviləsiz və qeyri-rəsmi iş təklifləri qəbul edilməməlidir. Əgər yazılı müqavilə yoxdursa, belə razılaşma insanı ciddi risk qarşısında qoya bilər. Şübhəli hallar yarandıqda isə mütləq rəsmi qurumlara məlumat verilməlidir. Sosial şəbəkələr və ya şəxsi əlaqələr vasitəsilə verilən şübhəli təkliflər barədə Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə müraciət etmək mümkündür. Eyni zamanda istənilən polis bölməsinə və ya aidiyyəti qurumlara da məlumat təqdim edilə bilər. Bu cür müraciətlər zəiflik deyil, hüquqi məsuliyyət və vətəndaş mövqeyinin göstəricisidir. Xaricdə iş və təhsil imkanları realdır və açıq cəmiyyətdə bu imkanlar mövcuddur. Lakin bu imkanlar asan və sürətli yollarla deyil, rəsmi və təhlükəsiz prosedurlar vasitəsilə əldə olunmalıdır. Daxili İşlər Nazirliyinin müraciəti də məhz bunu göstərir ki, dövlət yalnız cinayətlə mübarizə aparmır, eyni zamanda vətəndaşın təhlükəsizliyini qorumağa çalışır. Bu çağırışın əsas mesajı ondan ibarətdir ki, təklif nə qədər cəlbedici görünsə də, təhlükəsizlik yoxlanılmadan heç bir addım atılmamalıdır
Yazinin tam mətni ilə şərh bölməsində linkdən tanış olmaq mümkündür.
Əliməmməd NURİYEV
Siyasi şərhçi