Bu bina Salyanın tarixində özünəməxsus iz buraxmış, zamanın şahidi olan bir bina kimi xatırlanır.
Mənbələrə görə bu tikili 1895–1897-ci illərdə Mirxalıq Abdullayev tərəfindən inşa olunub.
Daha sonralar Hacı Mehdi (Cümə məscidini inşa etdirən şəxs) binanı icarəyə götürərək mehmanxana fəaliyyətinə başlayıb.
Şəhərə gələn tacirlər, səyyahlar və karvan yolçuları üçün bu məkan Salyanın qonaqpərvərlik simvoluna çevrilib. Mehmanxana həm də şəhərin siyasi və ictimai həyatında əhəmiyyətli hadisələrə şahid olmuş, mühüm sənədlərin imzalandığı məkan kimi xidmət etmişdi.
1918-ci ildə erməni silahlı dəstələrinin törətdiyi vəhşiliklərin qarşısını almaq məqsədilə Salyana gələn türk ordusunun zabitləri məhz bu binada qərargah quraraq döyüş planlarını hazırlayıb, nəticədə düşmən qüvvələri Salyan yaxınlığında məğlub edilib.
Sonrakı dövrlərdə bina hələ də ictimai həyatın mərkəzində qalıb. Bu binada bir müddət rayon komitəsi, MTN və redaksiya fəaliyyət göstərib.
Bina əvvəllər indiki fəaliyyət göstərən Kür Hotelin qarşısında yerləşirdi. Təəssüf ki, Hacı Mehdinin mehmanxanası bu gün artıq mövcud deyil və bina sökülüb.
Məlumat və şəkil üçün Gültəkin xanım Fərəcovaya təşəkkür edirik.
Əli SƏLİM


