Salyanın “Qaranlıq” Müəmması: İran Dronlarından Gizlənmək Üçünmü Zülmət Yaradılır?

​ELAZ.İNFO xəbər verir ki, Salyan rayonunda artıq ard-arda 2-ci gündür yaşanan kütləvi elektrik kəsintiləri ölkə gündəmini sarsıdacaq iddiaları ortaya çıxarıb. Saat düz 18:00-dan etibarən başlayan və təxminən 6 saat davam edən bu sistemli qaranlıq, əhali arasında tükürpədici bir şayiənin yayılmasına səbəb olub: “İşıqlar İran kəşfiyyat dronlarının strateji obyektləri hədəf seçməsini çətinləşdirmək və ərazini gizlətmək üçün bilərəkdən söndürülür!”

​Bu vahiməli iddialara aydınlıq gətirmək üçün redaksiyamızın əməkdaşı “Azərişıq” ASC-nin 199 qaynar xətti ilə əlaqə saxlamağa çalışıb. Növbə sırasında 24-cü olmasına baxmayaraq, əməkdaşımız təxminən 30 dəqiqə gözlədikdən sonra operatorla əlaqə yarada bilib. Bu faktın özü bir daha təsdiqləyir ki, quruma edilən şikayət və müraciətlərin sayı hədsiz çoxdur və problem kütləvi xarakter daşıyır.

Operator Elnarə Əliyeva ilə dialoq zamanı verilən suallara tam cavab ala bilməsək də, o, ərazidə 35 min kVt-lıq elektrik xəttində nasazlıq yarandığını bildirdi. Ertəsi gün də, təkrar əməkdaşımızın əlaqə saxlamasına baxmayaraq yenə nə əhali nə də redaksiyamız üçün cavab ala bilmədik. Lakin bu xəttin niyə hər gün məhz eyni saatda və eyni müddətdə “sıradan çıxması” barədə qurum rəsmisi məlumatsız olduğunu qeyd etdi.

​Burada digər bir haqlı sual yaranır: Hər ay hər bir abonentdən tutulan 1 manatlıq sabit tarif ödənişi xidmətin keyfiyyətinin yüksəldilməsinə, infrastrukturun yenilənməsinə xidmət etməli deyilmi? Əgər vətəndaş bu ödənişi hər ay müntəzəm ödəyirsə, nə üçün qarşılığında “texniki nasazlıq” bəhanəsi ilə zülmətə məhkum edilir? Görünən odur ki, toplanan vəsaitlər xidmətin zənginləşməsinə deyil, əksinə, vətəndaşın həm maddi, həm də mənəvi rahatlığının sarsılmasına “xidmət edir”.

​Kosmik texnologiyalar dövründə bu xətti təmir edə biləcək bir mütəxəssis yoxdurmu? Yoxsa bu, həqiqətənmi məqsədli şəkildə yaradılan bir “strateji qaranlıq”dır? Salyan sakinləri üçün artıq elektrik avadanlıqlarının sıradan çıxması qorxusu ikinci plana keçib. İnsanlar artıq yanan televizor dərdi çəkmirlər; hər kəs yayılan “kəşfiyyat dronları” şayiələrinin real olmasından və milli təhlükəsizliyə yarana biləcek təhdidlərdən ciddi şəkildə narahatdır.

​Güman edirik ki, “Azərişıq” və digər aidiyyəti dövlət qurumları həm redaksiyamıza, həm də təşviş içində olan Salyan əhalisinə tam aydın, inandırıcı və faktlara söykənən bir açıqlama verməyi özlərinə borc biləcəklər. Unutmayın ki, rəsmi və məntiqli izahatın olmadığı yerdə xaos və qorxulu şayiələr hökm sürəcək. Salyan qaranlıqdadır, amma həqiqətlər dərhal gün üzünə çıxmalıdır!
​Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights