Salyanda Yol Qəzası: Mikroavtobus və Minik Avtomobili Toqquşub

Salyan-Şirvan avtomobil yolunun Xələc Bkəndi ərazisindən keçən hissəsində xoşagəlməz hadisə qeydə alınıb.

ELAZ.İNFO xəbər verir ki, Mikroavtobus və “Nissan” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır. Yollarda diqqətli olmaq və sürət həddini aşmamaq hər birimizin təhlükəsizliyi üçün vacibdir.

Hava şəraitinin kəskinləşməsi, xüsusilə də qarlı və buzlu yollar sürücülər üçün ciddi risk yaradır. Verilən məlumata əsasən, Salyandakı qəzanın da məhz bu səbəbdən baş verməsi ehtimalı vəziyyətin ciddiliyini bir daha göstərir.Qarlı hava şəraitində təhlükəsizliyi təmin etmək üçün bəzi vacib məqamları xatırlatmaq yerinə düşər:Qarlı və şaxtalı havalarda yolun yapışma qabiliyyəti minimuma endiyi üçün sürücülər aşağıdakı qaydalara xüsusi diqqət yetirməli.Qarlı yolda tormoz məsafəsi adi vaxtdan 4-10 dəfə daha uzun ola bilər. Öndəki nəqliyyat vasitəsi ilə ara məsafəsini maksimum artırmaq lazımdır. Yol nişanlarında göstərilən sürət həddindən daha aşağı sürətlə hərəkət etmək və kəskin manevrlərdən qaçmaq şərtdir. Qəfil tormoz vermək avtomobilin idarəetmədən çıxmasına (sürüşməsinə) səbəb olur. Tormoz pedalına yavaş-yavaş və ötürməni (skorustu) kiçiltməklə təzyiq edilməlidir. Faraların və şüşəyuyanların işlək vəziyyətdə olması, həmçinin duman əleyhinə işıqlardan istifadə vacibdir.

Əgər avtomobiliniz qış təkərləri ilə təchiz olunmayıbsa, belə hava şəraitində yola çıxmamağınız həm sizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün ən doğru addımdır.

Rulan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights