ELAZ.İNFO xəbər verir ki, Salyan Rayon Mərkəzi Xəstəxanasında “Qan bağışla, ümid bəxş et!” şüarı altında növbəti qanvermə aksiyası keçirilib. Humanitar məqsəd daşıyan bu kampaniyada rayon sakinləri ilə yanaşı, yerli dövlət strukturları da böyük fəallıq nümayiş etdiriblər.
Aksiyaya Salyan rayonunun kənd bələdiyyələri, həmçinin rayonda fəaliyyət göstərən yerli təşkilat və müəssisələrin əməkdaşları kütləvi şəkildə qoşulublar. Könüllü donorlar qan verməklə ehtiyacı olan xəstələrə, xüsusilə talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmağın mənəvi borc olduğunu vurğulayıblar.
Qanvermə prosesi Salyan Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim briqadası tərəfindən həyata keçirilib. Aksiyadan öncə hər bir donorun sağlamlıq vəziyyəti yoxlanılıb və proses tam təhlükəsiz şəkildə başa çatdırılıb. Qeyd edək ki, rayon icra strukturlarının və ictimaiyyətin bu cür aksiyalarda mütəmadi iştirakı Salyanda donorluq ənənəsinin yüksək səviyyədə olduğunu bir daha sübut edir
Ruslan MƏMMƏDOV