ELAZ.İNFO xəbər verir ki, Salyan Rayon Heydər Əliyev Mərkəzində “Qarabağın dirçəlişi – müasir şəhərsalma və memarlıq nümunələri” adlı tədbir baş tutub. Salyan Rayon İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Təhsil İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüş Prezident İlham Əliyevin 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında sərəncamının icrası çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov işğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələrdən danışıb. Bildirilib ki, müasir şəhərsalma prinsipləri və milli memarlıq ənənələrinin vəhdəti Azərbaycanın yeni inkişaf modelini dünyaya nümayiş etdirir.
Tədbir iştirakçılarına Qarabağdakı bərpa və quruculuq işlərini əks etdirən videoçarx nümayiş olunub. Çıxış edən digər rəsmi şəxslər və ziyalılar – Nübar Bayramova, Sənan Xəlilov, Yeganə Mirzəliyeva, İradə Mütəllimova və Ramil Bayramov vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün Qarabağın dirçəlişində öz təsdiqini tapır.
Qeyd olunub ki, Qarabağda tətbiq edilən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları, yeni infrastruktur quruculuğu və tarixi abidələrin bərpası Azərbaycan memarlıq elminin yeni mərhələsidir. Bu layihələr həm də gələcək nəsillər üçün milli-mədəni irsin qorunaraq inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ruslan MƏMMƏDOV