ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın su hövzələrində faunanın bərpası istiqamətində tarixi bir addım atılıb. Salyan rayonu ərazisindən keçən Şirvan-Mil-Muğan kollektorunun Xəzər dənizinə birləşən hissəsi 30 ildən sonra qanunsuz qurğulardan tamamilə təmizlənib.
Əfqan Əliyev bildirib ki, 90% tükənən balıq ehtiyatları yenidən bərpa olunur. Mütəxəssislərin rəyinə görə, son 30 ildə Xəzərdə balıq ehtiyatlarının 90% azalmasının əsas səbəbi məhz bu cür qanunsuz qurğular vasitəsilə təbii miqrasiya yollarının bağlanması idi. Balıqların kürü tökmək üçün çaylara və kollektorlara daxil ola bilməməsi populyasiyanın kəskin azalmasına gətirib çıxarmışdı.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Azərbaycan Balıqçılar İttifaqının (ABİ) dəstəyi ilə həyata keçirilən bu genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz bəndlər və torlar sökülüb. Bu, balıqların sərbəst hərəkətinə və təbii çoxalmasına şərait yaradıb.
Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev və ABİ ailəsi adından bu mühüm addıma görə rəsmi təşəkkür ifadə olunub: Gələcəyə böyük ümid: 4-5 ilə fauna bərpa olunacaq. “Su hövzələri bioresurslarının təhlükəsizliyini ciddi nəzarətə aldıqları üçün Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədova və bütün nazirlik əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk. Əminliklə deyə bilərik ki, bu cür sistemli fəaliyyət davam edərsə, növbəti 4-5 il ərzində Azərbaycanın su hövzələrində faunanın böyük hissəsi bərpa olunacaq.”
Bu hadisə təkcə Salyan rayonu üçün deyil, bütün ölkənin ərzaq təhlükəsizliyi və ekoloji tarazlığı üçün müstəsna əhəmiyyət kəsb edir.
Ruslan MƏMMƏDOV