Sakit yaşa, içindəki sükunəti qoruyub saxla

Bu dövrdə insanlar yaşamaqdan çox, özlərini qorumağa çalışırlar. Səhər gözlərini açan kimi başlanır ki, birindən ehtiyat et, o birindən çəkin, pis adamlardan uzaq ol, qonşu nə deyər və sair… Günün sonunda isə sən bitmiş olursan.

Özün soruşursan ki, “Mən nə etdim ki, bu qədər yoruldum?” Cavab çox sadədir, sən özünü hamıdan qorudun. Elə bir zamana düşmüşük ki, insanlar bir-birinə baxmır, bir-birinin acığına yaşayırlar. Kiminsə acığına maşın alır, başqasının acığına ev tikir, bir başqası isə evlənir…

Xoşbəxt olmaq üçün yox, kimisə çatlatmaq, kiməsə acıq vermək üçün. Bu yarışda hər kəs qaçır, amma heç kim hara getdiyini bilmir. Belə bir cəmiyyətdə ruhunu qorumaq, sənin özün kimi qalmaq, hər gün yorulmadan yaşamaq demək mümkün deyil. Amma boşuna tükənməmək də mümkündür. Sakit yaşamaq, özünü qorumaqdan uzaq durmaq, tək qalmaq, qorxaqlıq deyil, bir seçimdir. Sakitliyi seçən insanın iç dünyası zəngin, ruhu isə azaddır. Bu seçimdən imtina edənlər isə ömrünün sonuna qədər problemlərin içində boğulacaq, yalnız özünü qorumaqla məşğul olacaq.

Həyat belədir ki, kimisə üstələməyə çalışmaqla yox, öz sükunətini qorumaqla xoşbəxt olmaq mümkündür. Sakit yaşa, içindəki sükunəti qoruyub saxla, dünyanı dəyişdirə bilməzsən, amma öz ruhunu qoruyarsan.

Əli İbrahimov

Bizimlə oxuyun
Verified by MonsterInsights