-“İctimai imicini və işgüzar nüfuzunu düşünən bir xəstəxana ilk növbədə insanı düşünməlidir”.
ELAZ.İNFO xəbər verir ki, bu sözləri Şahbaz Xuduoğlu özünün sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, “Bir xəstəxana pasiyentini məhkəməyə verərək ondan 222.395 manat tələb edirsə, bu artıq tibbi deyil, ictimai və mənəvi məsələdir. Pasiyent narazılıq ifadə edibsə, onu yüz minlərlə manatlıq iddia ilə susdurmağa çalışmaq yox, onu dinləmək, səbəbi araşdırmaq və yardım etmək yolu seçilməlidir”.
Şahbaz Xuduoğlu vurğulayıb ki, “Xəstəxana hüquq bürosu deyil. Onun gücü məhkəmə qərarlarında deyil, pasiyentə göstərdiyi qayğıdadır. Əgər hər bir narazılıq məhkəmə iddiası ilə cavablandırılacaqsa, onda səhiyyə sistemi müalicə sistemi yox, hüquq-mühafizə mexanizmə çevrilmiş olar. İctimai imic məhkəmə sənədləri ilə deyil, insanlara münasibətlə formalaşır”.
Məlumat üçün bildirək ki, bir müddət bundan əvvəl Şahbaz bəyin həyat yoldaşı Nigar xanım Köçərli “Liv Bona Dea” xəstəxanasında əməliyyat olunmuşdu. Əməliyyat zamanı biganə rəftarla qarşılaşan xəstə və onun yaxınları bununla bağlı xəstəxana rəhbərliyinə iradlarını bildirmişdilər.
İlahə BAYINDIR