ELAZ.İNFO xəbər verir ki, fevralın 11-i Dünya Xəstələr Günüdür.
Sağlamlıq insan həyatının ən böyük nemətidir. Lakin həyatın reallığı ondan ibarətdir ki, hər kəs nə vaxtsa xəstəliklə üz-üzə qalır, ağrı və iztirabın nə olduğunu yaşayır. Məhz buna görə bu gün, fiziki və mənəvi əziyyət çəkən insanlara diqqəti artırmaq, onlara göstərilən tibbi və sosial xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyan mühüm bir sosial çağırışdır.
Dünya Xəstələr Günü 1992-ci il mayın 13-də Roma Papası II İohann Pavelin təşəbbüsü ilə təsis edilib. 1991-ci ildə ona Parkinson xəstəliyi diaqnozu qoyulduqdan sonra o, xəstələrin ağrılarını daha dərindən anlayaraq, bu günün hər il qeyd olunmasını təklif edib. Onun xüsusi müraciətində vurğulandığı kimi, əsas məqsəd xəstələrin ağrı və iztirablarını yüngülləşdirmək, cəmiyyətin diqqətini onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinə yönəltməkdir. Bu gün çərçivəsində dünyanın bir çox ölkəsində xəstəxanalar ziyarət olunur, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara mənəvi dəstək göstərilir, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlər həyata keçirilir. Bu, həm də şəfqətin, mərhəmətin və insan həmrəyliyinin təcəssümüdür.
Unutmayaq ki, xəstələr təkcə dərmana deyil, diqqətə, anlayışa, qayğıya və ümidə də ehtiyac duyurlar. Bəzən bir xoş söz, bir ziyarət, bir səmimi münasibət onların ağrısını azalda bilir. Bu gün hər birimizi xəstələrə qarşı daha həssas, daha diqqətli və daha mərhəmətli olmağa səsləyir.
Əli İbrahimov