Sağlam bədəndə sağlam ruh olar

Gənc nəslin tərbiyəsində idmanın rolu

Gələcək nəsillərin milli ruhda tərbiyə edilməsi sağlam gələcəyin təməl prinsiplərindəndir. Uşaq və gənclərin milli dəyərlər sisteminə yönəlik əks təsirlər qarşısında sədd çəkilməli, milli kimliyimiz qorunmalıdır. Vətəndaş Cəmiyyəti İnstitutları olaraq, onları gözlənilən təhlükələrdən, zərərli və zəhərli xarici təsirlərdən, mənfur məqsədli qüvvələrdən qorumaq üçün valideynlərlə, müəllimlərlə əlaqəli şəkildə var qüvvəmizlə çalışmalıyıq. Vurğulanan istiqamət bizi doğru səmtə yönəldər, gələcək nəsillərin sağlam ruhda böyüməsi, firavan dövlətdə yaşaması təmin olunar.

Bizim dövlət və millət olaraq ən böyük sərvətimiz, qazancımız dünyaya gətirdiyimiz, böyüdüb tərbiyə etdiyimiz uşaqlarımız, gənclərimizdir. Bu sərvətə göz dikənlərin xəbis və mənfur qüvvələrin gözləri ovulmalı, yaxına buraxılmamalıdır. Necə deyərlər, ayıq-sayıqlıq həmişə əmin-amanlığın işarəsidir. 

Bildiyimiz kimi, sağlam cəmiyyət naminə sağlam ruhlu gənc nəslin yetişdirilməsi istiqamətində məktəb olan idmanın rolu böyükdür. Uşaqların və gənclərin fizioloji və psixoloji baxımdan sağlam inkişafı üçün onların erkən yaşlarından idmanla məşğul olması məqsədə müvafiqdir. Uşaq və gənclərimiz idmana, təhsilə və özlərinin şəxsi inkişaflarına diqqət yetirməli, sağlam və aktiv həyat tərzi sürməlidirlər. Bunları onlara evdə valideynlər, məktəbdə müəllimlər mütəmadi şəkildə tövsiyə etməlidirlər. Çünki “Sağlam bədəndə sağlam ruh olar”. İdman uşaqların, gənclərin daxili aləmini də zənginləşdirməklə yanaşı, onların inkişafını da sürətləndirir.

İdman uşaqlarda özünə inam, güvən, qürur kimi mənəvi dəyərlərin inkişafına da xüsusilə təsir göstərir. Sosial yöndən yanaşdıqda müşahidə etmək mümkündür ki, idman insanların bir məqamda birləşməsində, dostluq və əməkdaşlıq münasibətlərinin formalaşmasında, ictimai fəallığın, həmçinin, vətəndaş məsuliyyəti hissinin güclənməsi prosesində əhəmiyyətli yerdə dayanır.

İdman eyni zamanda uşaq və gənclərdə ictimai həyatda liderlik xüsusiyyətlərinin inkişafına da təsir edir. Bu xüsusiyyət onlarda idarəetmə qabiliyyətinin, habelə dostluq münasibətlərinin yaranmasına, sosiallaşmasına, çevrə ilə sağlam münasibət qurmasına da təkan verir. Həmçinin, idman uşaqlarda qaydalar, bölüşmək, münasibət qurmaq, vaxtı səmərəli istifadə etmək, cəmiyyətdə öz yerini bilmək, özünü idarə etmək və digər insani keyfiyyətlərin də formalaşmasında mühüm rol oynayır. Bütün bu kimi müsbət insani dəyərlər müasir dövrün uşaqlarının və gənclərinin sabaha hazırlıqlı, yetişmiş, formalaşmış şəxsiyyətləri olaraq cəmiyyətin inkişafında müsbət yerə malikdir.

Respublikamızda uşaq və gənclərin fiziki və psixoloji cəhətdən düzgün yetişdirilməsi, inkişafı, tərbiyə edilməsi məqsədilə dövlət tərəfindən hər cür şərait qurulub. Ölkəmizdə elə bölgə, rayon tapılmaz ki, orada idman məktəbləri, stadionlar, Olimpiya mərkəzləri inşa edilməsin. Hətta bütünlükdə ölkə vətəndaşlarının sağlam, gümrah və aktiv olması üçün istirahət parklarında belə müasir dövrün tələblərinə cavab verən idman avadanlıqlar quraşdırılmışdır. Bu avadanlıqlardan məqsədli və davamlı surətdə istifadə isə könüllü olaraq hər bir yeniyetmənin öz üzərinə düşür. Onlara təyinat vermək, ruhlandırmaq isə evdə valideynlərin, təhsil ocaqlarında isə müəllimlərin vəzifəsidir. 

Təhsil ocaqlarında və idman məktəblərində bədən tərbiyəsinin təbliği, təşviqi, dövlətin uşaqlara və gənclərə yönəlmiş idman proqramları, keçirilən peşəkar və həvəskar yarışlar dövlətin bu sahəyə göstərdiyi ardıcıl və çevik siyasətin nəticəsidir.

Yeri gəlmişkən söyləyim ki, aidiyyatı qurumlar, icra edici orqanlar, təşkilatlar tərəfindən parklarda, istirahət guşələrində pulsuz olaraq idmanın bir çox növlərinə aid olan avadanlıqların quraşdırılması onu göstərir ki, dövlət ölkə əhalisinin idmanla məşğul olmasına, sağlamlığına  xüsusi diqqət ayırır. 

Hərtərəfli olaraq yetişən gənclik dünyanın harasında olursa olsun, işindən, sənətindən asılı olmayaraq vətənimizi, millətimizi fəxrlə, qürurla və eyni zamanda yüksək səviyyədə təmsil edəcəkdir. Bunun bariz nümunəsi yüzlərlə, minlərlə idmançının dünyanın beynəlxalq səviyyəli idman arenalarında qazandıqları qalibiyyət zamanı himnimizə, bayrağımıza qarşı yüksək şəkildə nümayiş etdirdikləri vətənpərvərlik hisslərinin çatdırılmasıdır. Təbii ki, müşahidə etdiyimiz və fəxrlə izlədiyimiz müxtəlif idman oyunları zamanı Azərbaycanın üç rəngli bayrağını göylərə qaldıran, himnimizi səsləndirən idmançılarımızın qürurlu, şəst duruşları dünyanın digər xalqlarının nümayəndələrində ölkəmiz və dövlətimiz haqqında müsbət rəy yardır. İdmançılarımız Azərbaycanı dünyaya tanıdırlar.

Mən bir müəllim olaraq, möhkəm və güclü ölkəmizin sabahı naminə daima şagirdlərimə elm və təhsil yolunda uğurla irəliləməyi, idmanla məşğul olmağı, gərəkli peşənin ardınca getməyi məsləhət görürəm. Onlara müstəqil dövlətimizin müstəqil vətəndaşları olaraq, sağlamlıqlarının qeydinə qalmağı, idmanla məşğul olmağı tövsiyə edirəm. Çünki idmanla məşğul olan insanlar hərtərəfli olaraq sağlamdırlar. Sağlam mənəviyyata malik olan vətəndaşları isə heç bir mənfur qüvvə öz təsir dairəsinə ala bilməz. Onların yolu aydın və işıqlı sabahlardır. Qaranlıq qüvvələr onların yolunu kəsə bilməz.

Solmaz MƏMMƏDOVA

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaq və gənclərin zərərli təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində çap olunur.

Bizimlə oxuyun
Verified by MonsterInsights