Bəri başdan deyim ki, Mehdiyev heç zaman ciddi ağıl sahibi olmayıb, onun ağzından bir yadda qalan fikrin səsləndiyini heç kəs xatırlaya və deyə bilməz. Kitabları da həyatı kimi tam bir rəzillikdir.
Təbii ki, onun suçu çoxdur və böyükdür. Çox adam çox şey bilir. Onun Sovet dönəmindən Kremlə bağlı oldugunu və Kremlin sifarişlərini icra etdiyini də çox adam bilir. Buna görə bu kiçik adam güclü görünürdü.
Mənim diqqət çəkmək və unudulmasını istəmədiyim başqa məqamlar var.
1. Millətə qarşı bu qədər acımasız işləri görmək üçün Moskvaya yaslanmaq, ciddi siyasi dairələr tərəfindən himayə olunmaq yetərli deyil. Ancaq özünü bu millətin bir üzvü hesab etməyən, nəinki etməyən, həm də ona yagı olan və kin bəsləyən birisi bu qədər acımasız əməllərin sahibi ola bilər. Bu məntiq bizə deyir ki, Ramiz Mehdiyevin adından və soyadından başqa onu bu millətə bağlayan heç nə olmamalıdır. Yəni o, Kreml tərəfindən təsadüfən seçilməyib.
2. Mehdiyevin təsir dairəsində yetərincə qanı canı bizdən olanlar olub. Adına kitab yazan alimciklər olub. Mən heç vaxt anlaya bilməmişəm ki, professorlar, generallar necə olub ki, özlərini FETO kimi bir savadsız fırıldaqçıya qaptırıblar. Bu adamların elmi də hərbi məharəti də sadəcə yerə girməlidir. Eyni şey Mehdiyevçilər haqqında da deyilməlidir. Sizə nə olmuşdu ay bədbəxtlər, ağıldan kəmlər, hansısa mənsəb xatirinə-bu dələduzun əmr qulu olurdunuz? Heçmi ləyaqətiniz, mənliyiniz yox idi? Onun nə işlər çevirdiyinizi bilmirdinizmi? Biz ki, sizə bu məxluqun nə mal oldugunu sovet dönəmindən deyirdik.
3. R. Mehdiyev hadisəsi bizə bir daha xatırladır ki, Moskvaya arxalanıb siyasi hakimiyyətə gəlmək, orada oturmaq xatalıdır. Moskva səni özünə Mehdiyevi işlədən kimi işlədəcək. Və bu zaman qətllər, mala mülkə çökmələr, iş yerlərində zorlamalar və zorlananları mövqe başına gətirmələr, milli əxlaqı kütləvi şəkildə pozmalar, Tərtər cinayətləri kimi milli iradəyə, mənliyə, şərəfə qarşı vahiməli hadisələr ortaya çıxacaq.
R. Mehdiyev bir şey deyil. Amma bu bizə bir dərsdir. Onun bu qədər əl-qol açmasında, bu qədər pərvazlanmasında hər birimizin günahı var. Ondan esse, məqalə, dissertasiya, kitab yazanlar, ona kitab yazıb böyüdənlər… Bir daha kimə xidəmət etdiyinizi düşünün və tanrının sizə verdiyi ömrü necə kirlətdiyinizi, necə puç etdiyinizi yaxşı yaxşı görün. Dostoyevski nə deyirdi? “Türklər heç zaman huzur bulmayacaqlar. Çünkü onlar mallarını çalanlarla bir süfrədə oturmağı onur sayırlar”. Sabah Adnan deyilən o dəlduz həbsxanadan çıxsa ona salam vermək üçün yüzlərlə, bəlkə minlərlə bədbəxt sıraya düzülücək. Sabah Mehdiyev həbs olunmasa yenə ona salam vermək üçün minlər sıraya düzüləcək.
Xaləddin İBRAHİMLİ