İngilis filosofu Frensis Bekon eqoizmi çox qısa, lakin dəhşətli təsvir edən bir cümlə ilə ifadə etmişdi: -“Sənin evin yansa da olar, təki mənim yumurtam bişsin.” Bu cümlə bir insanın nə dərəcədə mənəviyyatdan uzaq, vicdansız, yalnız öz mənfəətini düşünən, eqoist bir varlığa çevrilə biləcəyini açıq şəkildə ortaya qoyur. Təəssüf ki, bu sözlər bugünkü cəmiyyətimizdə yaşayan bəzi insanlar üçün sanki xüsusi olaraq yazılıb.
Ətrafımızda “mən” kəlməsini həyat fəlsəfəsinə çevirən, yalnız öz rifahını, öz rahatlığını düşünən insanlar az deyil. Xüsusilə haramla böyüdülmüş qarınları ilə mənəviyyatsızlığa yuvarlanan bu tip şəxslər nə ailə, nə dost, nə də cəmiyyət anlayışına sahibdir. Onlar üçün tək həqiqət öz maraqları, öz arzuları, öz ehtiraslarıdır. Belələri ətrafındakı insanlara yalnız istifadə vasitəsi kimi baxar, ehtiyac duyduqda yaxınlaşar, işi bitən kimi isə uzaqlaşar. Onların içində sevgi yox, mərhəmət yox, əxlaq yox yalnız öz eqosunun səsi var.
Egoizmin kökü insan təbiətində var. Bir körpə belə, yalnız ehtiyacları qarşılandıqda rahat və mehriban olur. Amma insanın təkamülü onu bu təbiət üzərində nəzarət qurmağa, mənəvi inkişafla eqosunu cilovlamağa yönəltməlidir. Təəssüf ki, bəzi insanlar bu təkamül yolunu keçmək əvəzinə, daha da geriləyib, eqosunun quluna çevrilir. Bu cür şəxslər üçün ətrafdakı hər kəs və hər şey sadəcə onların arzularını reallaşdırmalı olan alətlərdir.
Bu eqoistlər özlərini dünyanın mərkəzi hesab edirlər. Onların beyinləri dar, amma iddiaları böyükdür. Ədalət, səmimiyyət, dürüstlük onlar üçün yalnız istifadə ediləcək anlayışlardır. Özləri dara düşəndə əl uzadılmasını istəyər, amma başqası çətinlikdə olanda heç arxalarına da baxmazlar. Çünki onların içində nə şəfqət var, nə də insanlıq.
Belə insanlar adətən birinci olmağı qarşılarına məqsəd qoyar, lakin bu zirvəyə əməklə deyil, başqalarını tapdalayaraq çatmaq istəyirlər. Onlar üçün “ədalət” yalnız özlərinə sərf etdiyi halda keçərlidir. Əgər bir yarış varsa, nəticəsi necə olur-olsun, yalnız “mən birinci olum” deyə düşünərlər. Bu cür insanlar sonda “Şah” olmaq istəyərkən, əslində mənəvi baxımdan məğlub, yalnız və boş bir həyatı özlərinə yazdırmış olurlar.
Allah bizləri bu cür eqoist, mənəviyyatsız, haramla qidalanmış və böhtanla yaşayan insanların şərrindən qorusun. Ətrafımıza mərhəmət, ədalət, səmimiyyət və vicdan aşılayan insanların çoxalması diləyi ilə…
Əli İBRAHİMOV