Bir vaxtlar bu xidmətin divarları ağır-ağır nəfəs alırdı. Burada sükut vardı, amma sükutun içində savad danışırdı, vicdan hökm verirdi. Hər masanın arxasında işi bilən, qanunu əzbərdən yox, mahiyyətindən anlayan insanlar otururdu. Onlar səhnə axtarmırdı, alqış gözləmirdi, çünki xidmət tamaşa deyil, məsuliyyət idi. Sonra zaman dəyişdi. Səhnə iş yerinə köçürüldü. Savad arxa sıraya, “artistlik” ön plana çıxdı. İşi bilənlər susdu, danışanlar isə işi bilmədən danışdı. Qanunu bilənlərə qulaq asılmadı, amma qanunu özünə sərf edənə qədər əzbərləyənlər irəli çəkildi. Xidmət yavaş-yavaş səhnəyə çevrildi, vəzifə isə rol payına.
Ən təhlükəlisi də bu oldu ki, savadlılara yox, yaltaqlananlara yol açıldı. İşi bilənlərə hörmət edənlər yox, işi bilənlərə yaltaqlananlar dəyər qazandı. Vicdanla işləyənlər “çətin adam”, “uyğun olmayan kadr” adlandırıldı. Amma hər sözə “bəli” deyənlər, hər səhvi alqışlayanlar etibarlı sayıldı. Beləliklə, yaltaqlıq bacarıqdan, sədaqət peşəkarlıqdan üstün tutuldu. Təcrübə yük sayıldı, savad təhlükə kimi görüldü. Çünki savad sual verir, vicdan hesabat tələb edir. Artist isə sual vermir, o, oynayır. Lazım olan yerdə gülür, tələb olunan yerdə susur, istənilən an rəng dəyişir. Sistemə rəhbərlik edənlər də məhz bunu istədi, düşünən yox, oynayan, işləyən yox, görünən, məsuliyyət daşıyan yox, yaltaqlanan.
Bir gün yenə bir savadlı insan sakitcə qalxdı. Heç kimə minnət qoymadı, heç kimi günahlandırmadı. O bilirdi ki, artistlərin səhnəsində alim artıq tamaşaçı ola bilməz. Getdi. Onun ardınca başqaları da getdi. Hər gedişlə bu xidmət bir az da boşaldı, kreslolar dolu qaldı, amma məzmun boşaldı. İndi hamı nəticədən danışır. Amma səbəbi görmək istəmir. Bu xidmət savadla ayaqda dururdu, yaltaqlıqla yox. O, vicdanla güclü idi, tamaşa ilə yox. Səhnə qurmaq olar, amma onun üzərində xidmət qurmaq olmaz.
Unutmaq olmaz ki, artist alqışla yaşayır, savad məsuliyyətlə. Alqış kəsiləndə artistlik də bitir. Amma savad kənarda qaldıqca, xidmət də tənəzzül edir. Bu gün yaşanan da məhz budur, savadın susdurulduğu, yaltaqlığın hökm sürdüyü bir səhnənin acı finası.
Əli İBRAHİMOV


