“Səfəvilər sülaləsinin ana dili olan türk dili Səfəvi sarayında geniş yayılmışdı”

I Şah Abbas Səfəvilər dövətini bir Türk dövləti kimi süquta uğradıb fikri təpədən dırnağa qədər yanlışdır…I Şah Abbasın dövründəki Səfəvi dövlətinin etnik mənşəyinin dəyişərək fars-İran dövlətinə çevrilməsi və onun islahatları nəticəsində Azərbaycan türk etnosunun bu dövlətdə öz üstün siyasi rolunu itirməsi barəsində fikirlərin bu gün də qalmasına baxmayaraq, bu fikirlər kökündən yanlışdır. Bunlar hazırda Azərbaycan Səfəvişünaslıq eminə ciddi şəkildə ziyan vuran fikirlərdir.

Sevindirici haldır ki, son dövrlərdə Səfəvi dövlətiylə bağlı bir sıra araşdırmalarda bu fikirlərin ilkin tarixi mənbələrə və tarixi gerçəkliyə uyğun olmadığı və elmi əsassızlığı sübuta yetirilmişdir. Özəlliklə BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Zabil Bayramlı 2006-cı ildə çapdan çıxmış “Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi” adlı monoqrafiyasında və 2012-ci ilin fevral ayında müdafiə etdiyi “Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə olunmasında türk qızılbaş əyanlarının rolu” adlı doktorluq dissertasiyasında dövrün bütün əsas mənbələrini araşdırmaqla təkzibedilməz faktlala sübuta yetirmişdir ki, nəinki I Şah Abbasa qədər, I Şah Abbasdan sonra da Səfəvi dövləti öz türk etnik mahiyyətini dəyişməmiş, əvvəldən axıra qədər türk qızılbaş əyanları bu dövlətin quruluşu, saray və hərbi təşkilatlarında, habelə inzibati-idarəetmə sistemində aparıcı, üstün (dominant) rolunu qoruyub saxlamışdır. Şah Abbasın islahatına gəlincə Z.Bayramlı haqlı olaraq yazır ki, başqa türk olmayan etnosların dövlətin idarəetmə işlərinə cəlb edilməsi müxtəlif xalqların nümayəndələrinin də idarəetmədə təmsil olunmasına imkan yaratmışdır. Ancaq bu tədbirlər dövlətin etnik mahiyyətinin dəyişməsinə gətirib çıxarmamışdır. Şah Abbasın hakimiyyəti dövrünün əsas mənbəyi sayılan İsgəndər bəy Münşinin “Tarixi aləm arayi-Abbasi” əsərində verilmiş 1628-ci il siyahısı əsasında hesablamalar aparan Z.Bayramlının yazdığına görə bu siyahıda adı yazılmış 72 nəfər əmirdən 54-ü türk, 18-i isə qeyri-türk etnosunun nümayəndələri idi.

Səfəvilər dövlətində yaradılışdan süquta qədər türk dili əsas dil, saray dili olmuşdur. 1617-ci ildə Səfəvi sərhədini keçən İtaliya səyyahı Pyerto della Valle burada qarşılaşdığı qızılbaş atlılarının hamısının türkcə danışdıqlarını yazır. Dövlətin paytaxtı İsfahanda da eyni vəziyyətlə qarşılaşan səyyah qeydlərinə davam edərək yazıdı: “Sarayda mənə aydın oldu ki, Səfəvidə daha çox türkcə danışırlar. Həqiqətən türk dili Səfəvinin saray və böyüklərinin dilidir”. Onun gətirdiyi maraqlı faktlardan biri odur ki, xristian uşaqlarını müsəlmanlaşdırmaq yolu ilə yaradılan şah qvardiyasına daxil olan qulamlar türk dilində danışırdılar. Səfəvi dövlətinin əsl sahibi olan Azərbaycan türklərinin və dövlət başçılarının ürəyiaçıqlıq göstərərək qeyri-türk etnosların nümayəndələrini də dövlət idarəetmə işlərinə cəlb etməsində bəzi İran tarixçiləri və başqa tarixçilər bu dövlətin etnik mənşəyi ilə bağlı yanlış nəticələr çıxarmışlar. Onlardan fərqli olaraq hələ XVII əsrin 70-ci illərində fransız səyyahı Jan Şarden yazırdı ki, Səfəvi dövlətində qızılbaşların nüfuzu o qədər güclüdür ki, hazırda çox mühüm dövlət vəzifələri və orduda rəhbərlik onların əlindədir. I Şah Abbas vaxtının çoxunu qulamlarla keçirmiş və onlarla türkcə danışmışdır.

XVII əsrdə Səfəvi sarayında olmuş fransız səyyahı Jan Batist Tavernye yazırdı: “Saray adamlarının dili türkcədir”. Daha sonra qeyd edirdi ki, “Burada üç dildən birində-türk, fars, ya da ərəb dilində danışırdılar. Saray əhli, hərbçilər, böyüklər türkcə danışır. Şah və sülalə üzvləri bütün əhalisin dili türkcə olan Azərbaycandandır”. Tavernyedən 20 il sonra (1685-1694) Səfəvi dövlətinə gəlmiş alman alimi Engelbert Kepfer isə bu məsələyə xüsusilə yer verərək yazırdı: “Səfəvilər sülaləsinin ana dili olan türk dili Səfəvi sarayında geniş yayılmışdı. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışırdı. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs şah sarayında türkcə danışmalı idi”.

Bu bilgilərdən aydın olur ki, Azərbaycan Səfəvi Türk dövləti öz türklüyünü yaranışdan süquta qədər saxlamış və daim türklər tərəfindənn idarə olunmuşdur.

Zabil BAYRAMLI

Tarix elmlər doktoru, professor

Bizimlə oxuyun
Verified by MonsterInsights