Ermənistan Prezidenti Vaaqn Xaçatryanın Azərbaycanla sərhədlərin açılacağına dair verdiyi nikbin bəyanat regionda sülh prosesi ətrafında müzakirələri yenidən canlandırıb. Rəsmi Bakı isə bu prosesin konkret hüquqi çərçivədə reallaşmasının tərəfdarıdır.
ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev məsələ ilə bağlı mövqeyini açıqlayıb. GLOBALİNFO.az saytına istinadən Deputat bildirib ki, Xaçatryanın səsləndirdiyi fikirlər prinsip etibarilə müsbət mesaj olsa da, sərhədlərin açılması yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla mümkün ola bilər.
Razi Nurullayevin sözlərinə görə, sərhədlərin açılması üçün ilk növbədə tamhüquqlu sülh sazişi imzalanmalı, delimitasiya və demarkasiya prosesi başa çatmalıdır. “Nəqliyyat-kommunikasiya xətləri, xüsusilə Zəngəzur istiqamətində əlaqələr maneəsiz və təhlükəsiz şəkildə işləməlidir. Əgər İrəvan real addımlar atarsa və etimad mühiti formalaşarsa, sərhədlərin mərhələli şəkildə açılması gələcəkdə mümkündür. Ancaq təhlükəsizlik və dövlət maraqları hər zaman prioritet olaraq qalacaq” – deyə deputat vurğulayıb.
Ruslan MƏMMƏDOV