Atriplex südü artırır, əti dadlandırır

Şoran torpaqlar Azərbaycanın düzənlik rayonlarında quru bozqır və səhra-bozqır zonasında daha geniş yayılıb. Belə torpaqlar respublika ərazisinin 1,3-1,5%-ni əhatə edir. Mil-Qarabağ, Muğan-Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvan düzü və Abşeron yarımadasının suvarılan zonalarında bu torpaqlar daha geniş yayılıblar. Bu torpaqların şoranlığı qərbdən şərqə Xəzər dənizi sahillərinə doğru artır.

Azərbaycanda ümumi torpaq fondu 8,6 milyon hektar olduğu halda, bu ehtiyatların xeyli hissəsi erroziyaya uğrayıb. Lakin bu asan başa gələ biləcək bir iş deyil. Söhbət bir insanın deyil, ekoloji fəlakətin vurduğu ziyandan gedir. Ümumiyyətlə, böyük ərazilərin bərpası çox böyük maddi vəsait və zaman tələb edir. Tibbdə belə bir deyim var  – “xəstə müalicəyə cavab verirsə, xəstəlik müalicə olunur”. Torpaq da belədir: onu dilə tutmaq, məcbur etmək, artırmaq və yerini dəyişmək olmaz.

Atriplex chenopodiaceae ailəsindən bir, ikiillik və ya çoxillik ot-kol bitkiləridir.  Onlar quraqlığa və şoranlığa davamlı, dik və ya yarı dik inkişaf edən bitkilərdir. Genetik mərkəzi Avstraliya qitəsidir. Atriplekslərin 400-dən çox növü mövcuddur. Atriplexsə demək olar ki, dünyanın hər yerində növlərinə rast gəlinir. Heyvandarlıqda istifadə olunan xüsusilə Atriplex Nummularia, Atriplex Canescens və Atriplex halimus daha çox yayılmışdır.

İqlim xüsusiyyətləri: Küləyə, duza və quraqlığa davamlı bitkidir. Mülayim iqlimi sevir. Günəşi çox tələb edir.

Forma xüsusiyyətləri: Orta diametri 1,5-2 m, hündürlüyü 2 m-ə qədər kol və ağac formasında olur.

Yarpaq xüsusiyyətləri: 6 sm uzunluğunda, yarpaqları oval və ya rombvari, yarı həmişəyaşıl koldur.

Çiçəyin xüsusiyyətləri: Yaşıl-ağ rəngdə çiçək açır. Cicəkləmə müddəti yayın sonuna doğrudur.

Meyvə xüsusiyyətləri: Meyvələr dekabrda yetişir. Toxum rəngi qaradır.

Torpağa tələbat: Qələvi torpaqlara çox yaxşı uyğunlaşır. Duzlu, gilli torpaqların əkilməsi üçün istifadə olunur. Dik  yamaclarda, dayaz və zəif torpaqlarda yaxşı inkişaf etmək xüsusiyyətinə malikdir.

İstehsalı: Ting və toxumla artırılır.

Atriplex növləri halofit bitkilər qrupuna aiddir. Şoran torpaqlarda yaşamağa uyğunlaşan növlər 200-500 mm diapazonunda NaCl konsentrasiyalarında yaşaya bilirlər. Atriplex növləri mineral tərkibi ilə çox zəngindir, yüksək miqdarda xam protein (15,3-21,3%) və kül (23,11-28,03%) tərkibinə malikdir.  Yem kimi istehlak edilən bitki hissələri (təzə tumurcuqları, yarpaqları və gövdələri) Ca, P, Na, Mg, Cu və Fe ilə çox zəngindir. Heyvan ətlərində güclü antioksidant olan və ətlərin saxlanma müddətini uzadan və görünüşünü parlaq edən E vitamini tərkibi ikiqat artır. Respublikamızın quraq və yarımsəhra ərazilərində heyvandarlıqda mövcud yem çatışmazlığını aradan qaldırmaq üçün bütün il boyu yaşıllığını itirməyən atriplekslərdən istifadə etmək olar.

Avstraliyada bu tədqiqat mal-qara və qoyunlar üzərində aparılmışdır. O, qidalanmada istifadə imkanlarını araşdıran tədqiqatların qiymətləndirilməsini əhatə edir.

Aşağıdakı cədvəldə Atriplex bitkisi ilə yoncanın müqayisəli analizləri əks olunmuşdur.

Kimyəvi analiz Atriplex Yonca
Xam protein 17,7 21,Ş3
Xam lif 30,3 41,8
Sellüloza 20,8 27,5
Lignin 17,5 14,0
Mineral maddələr 16,6 11
Enerji 3,9 4,4

Atriplex bitkisini respublikamızda yetişdirərək həm yerli şəraitə uyğunluğunu sınaqdan keçirmişik, həm də laboratoriya analizlərini aparmışıq.

Respublikamızda şoran, əkinə yararsız və suvarılması mümkün olmayan ərazilərdə bu bitkinin əkilərək yayılması, həm torpaqların eroziyadan və duzdan təmizlənərək yararlı hala gətirilməsi, həm də heyvandarlıqda yem bazasının zənginləşdirilməsinini təmin etmiş olar.

Bu məqsədlə respublikanın müxtəlif ərazilərində pilot sahələr təyin edilərək, Atriplex bitkisinin yayılması və fermerlərlə maarifləndirmə işinin həyata keçirilməsi nəzərdə tutulur.

 

             Anar CƏFƏROV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir