ELAZ.İNFO xəbər verir ki, Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi Publik Hüquqi Şəxsi tərəfindən ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində maarifləndirici tədbir təşkil edilib. Tədbir gənclərin bu sahəyə olan marağını artırmaq və Azərbaycanın müasir şəhərsalma strategiyası barədə onları məlumatlandırmaq məqsədi daşıyıb.
Tədbir zamanı tələbələrə memarlıq sahəsinin əhəmiyyəti, şəhərlərin strateji planlaşdırılması və memarlıq irsinin qorunması haqqında geniş məlumat verilib. Bildirilib ki, müasir şəhərsalma yalnız binaların inşası deyil, həm də ekoloji tarazlıq və davamlı inkişafın təmin edilməsidir.
Tədbirin ən maraqlı hissələrindən biri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı quruculuq işlərinə həsr olunub. Tələbələrə nümayiş etdirilən videoçarxlarda həmin ərazilərdə ən müasir standartlara uyğun salınan yeni şəhər və kəndlərin layihələri nümayiş etdirilib. Qeyd olunub ki, bu böyük qayıdış və quruculuq prosesi Azərbaycanın iqtisadi gücünün və memarlıq potensialının bariz nümunəsidir.
Mövzu ətrafında keçirilən fikir mübadiləsi zamanı tələbələr şəhərsalma sahəsində tətbiq edilən yeni texnologiyalarla bağlı suallarını ünvanlayıblar. Bu cür tədbirlərin keçirilməsi gələcək peşə sahiblərinin dünyagörüşünün genişlənməsinə və onların vətənpərvərlik ruhunda maariflənməsinə böyük töhfə verir.
Ruslan MƏMMƏDOV