Suriyada “ələvi” deyilən vətəndaş qövmü neyləyibsə, indi hökumət qoşunları onları cəzalandırır. Cəzalandırmaqla bərabər, ordu tərəfindən onlara — qadınlara və uşaqlara qarşı da qeyri-insanı rəftar, hüquqazidd hərəkətlər edilir. Ehtirasları daha da qızışdırmaq üçün məhz belə hərəkətlər videoya çəkilərək dünya üçün tirajlanır.
Əslində, ya İran, ya ABŞ, ya da rus kəşfiyyatı öz qarışdırıcı və dağıdıcı işini ələvilər vasitəsilə həyata keçirməyə çalışıb. Yeni Suriya hakimiyyəti öz vətəndaşlarına qarşı faktiki olaraq Hafiz, Bəşər Əsəd rejimlərinin etdiyi zorakılıqlardan başqa çarə tapmayıb. Çox keçməz, yəqin ki, Sednaya həbsxanası da qəbul qapılarını açar. Əgər ruslar hələ Latakiya və Himeymidən çıxarılmayıblarsa, yeni Suriya hökumətinin heç bir perspektivi olmayacaq.
Burada başqa ölkələr üçün ibrətamiz bir çox cəhətlər var. Birinci odur ki, onilliklərin koloniya idarəçiliyi nəticəsində ölkədə hakimiyyətlə vətəndaş və müxtəlif vətəndaş qövmləri arasında qarşılıqlı nifrət orbitləri formalaşdırılıb, keçilməz uçurumlar yaradılıb. Bunlar elmi, psixoloji əsaslarla hazırlanaraq icra edilib, milli mentalitetin incəlikləri və özünəməxsusluqları nəzərə alınıb. Bu idarəçilikdə güclə əzməkdən başqa heç bir metod işləmir. Müasir müstəmləkə idarəçiliyinin ən effektiv üsullarından biridir. Dünyada tətbiq edilir. Nəticə dərhal yox, onilliklər sonra özünü sağalmaz ictimai-siyasi və mənəvi xəstəlik kimi göstərir. İdarəedənlər üçün madam Pompadurun məşhur kəlamı daim aktuallaşdırılır: Bizdən sonra istəyər, lap belə dünyanı yenə də su bassın!