Bu haqda bir romanımda daha geniş yazmışam. Ancaq hadisə özü tez-tez yada düşdüyündən hər dəfə yeni düşüncələr yaradır, sanki tamam başqa sifətlərini göstərir, günümüzlə səsləşən tarixi analogiyalarını xatırladır.
1992-ci ilin erkən yazı idi. Moskvaya sadiq Mütəllibov hakimiyyəti Qarabağda bütün mövqeləri sürətlə itirir, onun bisavad həci-məci qoçuları isə Bakıda ağalıq edirdi. Həbslər, qətllər, qarşılıqlı nifrət kükrəmələri-filan baş alıb gedirdi. İctimai təşkilat olaraq, biz hər tərəfdən vurulurduq, heç yerdən zərrə qədər də kömək gəlmirdi. Bərbad olmuş ölkədə xaos durmadan qatılaşırdı. Az TV bəlkə də tarixinin ən sarsaq məlumatları ilə cəmiyyəti 20 yanvar matəminin əzici əhvalına təpirdi.
Deyəsən, günün səhər üzü idi, biz hansısa tədbirdən gəlib Sahil bağının Rəssamlar İttifaqı səmtində skamyalarda oturmuşduq. Çarəsizcəsinə oturmuşduq. Birdən əlində çəlik, başında beretka, əynində yüngül qəstum, qoca bir kişi Rəssamlar İttifaqı tərəfdən ətrafa boylana-boylana, asta addımlarla bağa girdi. Yəqin ki, o bizim kimliyimizi başa düşdü, çünki dioqonal üzrə bağın o biri başında cəbhənin qərargahı yerləşirdi. Onu tanımayan gəncləri maraq götürdü, məndən soruşdular:
– Bu kimdir?
Çoxdan görməsəm də, onumu tanımayacaqdım?! Mənmi tanımayacaqdım?!
Dedim kimdir. Xalq yazıçısı olduğunu özləri xatırladılar.
Gənclərdən biri gedib onun qarşısında dayandı, hətta salam da verdi. Kişi də dayanıb balaca gözlərini gəncin üzünə dikdi.
– Sən Xalq yazıçısısan? – gənc soruşdu.
Kişi təsdiqedici tərzdə nəsə mızıldandı.
– Bəs gözüyün qabağında dünya dağılır, – gənc bunun üzünə dirəndi, – ay …, niyə bircə dəfə səsini çıxartmırsan?! Bəs sən necə xalq yazıçısısan?!
Və qətiyyən gözləmədiyim halda gənc onun başına yüngül bir qapaz vurdu, ancaq o yavaşca əl hərəkəti də kifayət elədi ki, bozumtul beretka kişinin burnu üstünə qədər sürüşsün.
Kişi kor-peşman qayıdıb gedəndə qaçıb arxadan ona çatdım və qoluna girib küçəni keçməyinə kömək elədim. O əsəbindənmi, ya qocalıq halsızlığındanmı əsirdi. Mən onun titrəyən arıq qolunu sakitləşdirmək üçün əlimdə sıxdım, günahkar uşaq valideyni kimi dil-ağız eləməyə çalışdım. Bu halda onun Rəssamların üstündəki evinə qalxa bilməyəcəyini fikirləşdim. Ancaq o, evin girişinə çatmamış məndən ayrımaq istədi və mən israr etmədim. O məni tanımadı.
Qayıdıb gənci bu hərəkətinə görə qınadım.
Onilliklər keçib, çox məşhur adamla bağlı o hadisə yadımdan çıxmır. Hərdən bolşevizmin üç tərkib və mənbə hissələri haqda düşünürəm. Zaman-zaman eyni, hətta ondan da qatı ictimai sükutu müşahidə etdiyim dönəmlər olub. Düşünürəm ki, hər işin öz konstitusiyası, öz qanunları var. Bütün işləri mükəmməl görmək lazımdır.