Rusiyanın Azərbaycan və Qazaxıstana qarşı xüsusi hərbi əməliyyat keçirə biləcəyi vurğulanır

İngiltərə ilə əlaqələrimizin yüksəlişi və Kremlin əsəbi reaksiyası…

Son günlərin ən mühüm müsbət hadisələrindən biri də ingilis krallığı ilə ölkəmiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yaranmasıdır.

Belə ki, Böyük Britaniya Azərbaycanla əməkdaşlıq münasibətlərinin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini elan edib.

Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında məlumat verilib.

Xəbərdə bildirilir ki, Böyük Britaniya Krallığının dövlət naziri Stiven Douti Bakıya rəsmi səfəri zamanı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq statusuna qaldırıldığını açıqlayıb.

Nazirliyin bəyanatında, həmçinin qeyd olunub ki, Doutinin Bakıya səfəri “Böyük Britaniyanın Azərbaycanla əlaqələri gücləndirmək öhdəliyini və Azərbaycanın Cənubi Qafqazda ən vacib strateji tərəfdaşlardan biri kimi rolunu bir daha təsdiqləyir”.

Bəs, strateji tərəfdaşlıq statusunun önəmi, əhəmiyyəti nədədir?

Bu, iki ölkə arasında dostluq və əməkdaşlığın ən üst səviyyəsi sayılır.

Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi hər iki ölkəyə əsas strateji prioritetlər üzrə daha sıx əməkdaşlıq imkanı yaradacaq.

Onu da qeyd edim ki, Azərbaycanla Böyük Britaniya arasında ilk əməkdaşlıq əlaqələri XIX əsrin sonlarında yaranıb. XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft sənayesinə külli miqdarda sərmayə qoymuşdular.

Yeri gəlmişkən, 1904-1905-ci illərdə İngiltərə ağ neftə olan tələbatının 47%-ni məhz Bakıdan apardığı neftin hesabına ödəyib.

Ümumiyyətlə isə, son 107 il ərzində Azərbaycanla İngiltərənin əməkdaşlığı iki dəfə ən yüksək səviyyəyə çatıb.

Birinci dəfə 1918-1920ci illərdə general Denstervil və general Tompsonun başçılığı altında Britaniya hərbi missiyası Azərbaycanda fəaliyyət göstərib. Tompson Azərbaycan Cümhuriyyəti ilə sıx əməkdaşlıq edib.

İkinci dəfə isə müstəqilliyimizin bərpasından sonra Azərbaycan-İngiltərə münasibətləri son 30-34 il ərzində ən yüksək səviyyəyə çatıb.

Azərbaycanla Böyük Britaniya arasında belə sıx münasibətlərin qurulması Rusiya, İran və Ermənistanda xüsusi qısqanclıqla qarşılanır. Rusiyalı ekspertlər Azərbaycan-Böyük Britaniya münasibətlərinin Böyük Turan layihəsinin gerçəkləşdirilməsinə xidmət etdiyini və bunun isə son nəticədə Rusiyaya qarşı yönəldiyini iddia edirlər.

Yeri gəlmişkən, Böyük Britaniyanın Azərbaycanla əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xəbərinə sərt reaksiya verən Rusiyanın “Z-bloger”ləri və Teleqram kanallarından bəziləri Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya (Türküstan) dövlətləri ilə sıx əməkdaşlığına mane olmaq üçün Rusiyanın Azərbaycan və Qazaxıstana qarşı hətta xüsusi hərbi əməliyyat keçirə biləcəyini də vurğulayırlar.

Bu isə bir daha onu təsdiqləyir ki, Kreml Böyük Brtaniya ilə Azərbaycan və Türküstan dövlətləri arasında əlaqələrin dərinləşməsini həqiqətən də heç cürə həzm edə bilmir.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights