Rusiyadan Trampa Gözlənilməz Təklif

Rusiya hökumətinin keçmiş sədri Sergey Stepaşın ABŞ prezidenti Donald Trampın ərazi genişlənməsi ideyalarına orijinal yanaşma nümayiş etdirib. Siyasətçi Londonun “imperiya ambisiyalarına” son qoymaq üçün maraqlı bir yol təklif edib.

ELAZ.İNFO xəbər verir ki, Sergey Stepaşın Trampın Kanadanı ABŞ-ın 51-ci ştatı etmək planlarına toxunub. O bildirib ki, Vaşinqton diqqətini Kanadaya deyil, Böyük Britaniyaya yönəltməlidir.Stepaşın qeyd edib ki, Londonun hələ də davam edən qlobal iddialarını cilovlamağın ən yaxşı yolu onun suverenliyini ABŞ-a verməsidir: “Mənə Trampın yeni ştatlar haqqında danışması həmişə maraqlı gəlir. Kanadaya toxunmaq lazım deyil, siz yaxşısı budur İngiltərəni növbəti ştat edin ki, artıq hansısa ‘Böyük Britaniya’dan danışmağı dayandırsınlar. Mənim nöqteyi-nəzərimdən, əsl ştat elə oradır.”

Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp ölkəsinin ərazilərini genişləndirmək ideyasını aktiv şəkildə təşviq edir. Onun əsas hədəfləri arasında aşağıdakılar yer alır:

Kanada: Şimal qonşusunun 51-ci ştat kimi birləşdirilməsi; Qrenlandiya: Danimarkanın suverenliyi altında olan bu nəhəng adanın satın alınması və ya ABŞ-a daxil edilməsi.

Ekspertlər Stepaşının bu açıqlamasını London və Moskva arasındakı gərgin münasibətlərin fonunda diplomatik bir “reaksiya” və siyasi ironiya kimi qiymətləndirirlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights