Rusiyadakı həmvətənlərimizə olan təhdidlər tədricən aradan qaldırılacaqmı?

Düşənbə şəhərində MDB sammitində Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putinin görüşü sosial şəbəkələrdə müxtəlif cür qiymətləndirilsə də Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər.

Zahirən bu gərginlik AZAL təyyarəsinin Rusiya səmalarında vurulması ilə başlansa da, məsələnin kökü bir qədər dərindir.

Azərbaycanın Cənubi Qafqazda söz sahibi olan bir dövlətə çevrilməsi, rus qoşunlarının ölkəmizdən çıxarılması, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altına verilməməsi və nəhayət Türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasında Azərbaycanın oynadığı rol bu gərginliyin pərdəarxası səbəbləridir. Digər tərəfdən Rusiyada Azərbaycanla münasibətlərin daha gərginləşdirilməsində, Azərbaycanı Rusiyaya düşmən olan bir dövlət kimi qələmə verilməsində maraqlı olan dairələr var. Eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasında maraqlı olan qüvvələr də var. Bu görüş də məhz həmin qüvvələrin mövqeyinin üstünlük qazanmasının nəticəsidir. Yəni Rusiya tərəfi Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlətə çevrilməsini istəməsə də qəbul etməyə məcburdur. Və Cənubi Qafqazda hər hansı bir formada qalmaq, Zəngəzur dəhlizindən iqtisadi cəhətdən yararlanmaq üçün Azərbaycanla qaba güc dilində danışmaq əvəzinə münasibətlərin normallaşmasına üstünlük verdiyini nümayiş etdirir.

Sammitin Düşənbədə keçirilməsini də simvolik hesab etmək olar. Çünki MDB əvvəlki mahiyyətini itirib. Rusiya artıq MDB-də əvvəlki kimi tam hökmranlıq eləyə bilmir. MDB üzvlərinin əksəriyyəti türk-müsəlman dövlətləridir. Bu dövlətlər artıq demək olar ki, Rusiyanın nəzarəti altından çıxıblar və Rusiya onları öz nəzarəti altına qaytara bilmir. Ona görə də Rusiya vəziyyətlə barışmağa məcburdur. Özünün ətrafında müəyyən bir blokun olduğunu göstərmək, təcriddən çıxdığını göstərmək üçün Rusiyaya MDB üzvləri ilə münasibətləri yaxşı saxlamaq lazımdır. Rusiyanın dövlət kimi maraqları tələb edir ki, Azərbaycanla münasibətlər normal olsun. Bu halda Rusiyanın gələcəkdə Zəngəzur dəhlizindən istifadə imkanlarını əldə etməsi mümkündür. Rusiya həm də bunu istəyir.

Eyni zamanda qeyd olunmalıdır ki, Rusiya Azərbaycanın ən böyük qonşusudur və dövlətlərarası münasibətlərin hər hansı formada gərginləşməsi bir tərəfdən Azərbaycanın geosiyasi maraqlarına uyğun deyil, digər tərəfdən isə Rusiyada yaşayan həmvətənlərimizin həyatı və təhlükəsizliyinə təhdid yaradır. Ümid etmək istəyirəm ki, bu görüşdən sonra Rusiyadakı həmvətənlərimizə olan təhdidlər tədricən aradan qaldırılacaq.

Qulamhüseyn ƏLİBƏYLİ

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights