Rusiya yeni hücum dalğasına başlayacaqmı? Hədəfində iki bölgə var

ELAZ.İNFO, BAKI, 26.05.2025.

ELAZ.İNFO xəbər verir ki,  iddialara görə, Rusiya Ukraynada yeni hücum dalğasına hazırlaşır. Diplomatik təşəbbüslərin konkret nəticə vermədiyi bir vaxtda yerlərdə balansı dəyişmək istəyən Moskvanın yeni əməliyyatla “əlini qaldırmağa” hazırlaşdığı iddia edilir. İddialara görə, Putin iki bölgəni hədəfə alır.

Amerikanın “Washington Post” (WP) və Britaniyanın “Financial Times” (FT) qəzetlərindəki xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp Moskvaya təzyiqi artırmaq üçün aydın siqnal verə bilmədiyi üçün Rusiya əsasən dalana dirənmiş cəbhədə yeni münaqişə xətləri yaratmaqla Ukraynanın müqavimətini qırmağa hazırlaşır.
İki ildən sonra İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların ardınca mümkün atəşkəs və sülh razılaşması üçün diplomatik səylər gücləndiyi bir vaxtda ABŞ və Britaniya mediası iddia edir ki, Moskva hərbi əməliyyatların əhatə dairəsini genişləndirməklə yerlərdə öz üstünlüyünü gücləndirməyə çalışacaq.
Hər iki qəzetə danışan ekspertlər həm cəbhə xəttində, həm də diplomatik masada yaranmış çıxılmaz vəziyyətə diqqət çəkirlər. Moskva hərtərəfli sülh sazişi üzrə danışıqlara hazır olduğunu bir daha bəyan etsə də, Ukraynanın 4 bölgəsinin Rusiya ərazisi kimi tanınması, Ukraynanın tərksilah edilməsi və NATO-ya qəbul edilməməsi öhdəliyi kimi Kiyev və Qərbin kəskin etirazına səbəb olan tələblərindən geri çəkilmir. Bu vəziyyət diplomatik təşəbbüslərdə hər hansı konkret irəliləyişin qarşısını alır. Mütəxəssislərin toxunduğu digər məqam isə Rusiyanın min kilometrdən artıq cəbhə xəttində irəliləyişinin, demək olar ki, dayanmasıdır. Mütəxəssislər müharibənin bir müddətdir ki, heç bir ərazi qazancı verməyən uzun məsafəli pilotsuz təyyarələr və raket hücumları ilə davam etdiyini vurğulayarkən, Rusiyanın çox kiçik qazanclara görə böyük itkilər verdiyinə diqqət çəkirlər.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın Ukraynaya dəstəyi ilə bağlı dəyişkən mövqeyi ilə Rusiya düyünü açmaq və yerdəki sərfəli mövqeyini aydınlaşdırmaq üçün yeni hücumlar dalğasına başlayacaq. Rusiya ordusunun hədəfində olan iki bölgə Sumı və Xarkov olacaq. Britaniyanın “Sky News” qəzeti Rusiya ordusunun Xarkov sərhəddinə 50 minlik hərbi qüvvə yerləşdirdiyini yazarkən, Rusiya lideri Vladimir Putin ötən həftə Ukrayna qoşunlarından geri alınan Rusiyanın Kursk vilayətinə səfəri zamanı Kursk qubernatorunun “Sumiyə daxil olmaq lazımdır” sözlərini zarafatla təsdiqləyərək, mümkün hücum siqnalını vermişdi. Ukraynalı diplomat FT-yə bildirib ki, İstanbul danışıqları zamanı Rusiya nümayəndə heyəti Moskvanın təklif etdiyi cari şərtlərlə bağlı razılıq əldə olunmasa, “Sumı və Xarkovu itirəcəkləri” ilə hədələyib. Putinin cümə axşamı günü “Ukrayna sərhədində bufer zonası yaradacaqlarını” dediyi digər bəyanatı Rusiyanın cəbhə xəttini genişləndirməyə hazırlaşması kimi şərh edilib.

Digər tərəfdən, WP-yə danışan bəzi ekspertlər Rusiyanın əlinin çox da güclü olmadığı və meydanda real üstünlük əldə etmək üçün bu ilin sonuna qədər vaxtı olduğu qənaətindədirlər. İldə 200 tank istehsal etmək gücünə malik olan Rusiya ordusunun sovet dövründən qalan ehtiyatını böyük ölçüdə əritdiyini, Rusiyanın böyük itkilər verməsinə səbəb olan hərbi strategiyasını davam etdirdiyini deyən ekspertlər, gələn ildən etibarən Rusiyanın mexanikləşdirilmiş qüvvələrinə və buna uyğun olaraq irəliləmək qabiliyyətinə ciddi ziyan vuracağını iddia edirlər. Lakin cəbhəyə yeni əsgərlər cəlb etməkdə çətinlik çəkən Ukrayna ordusunun yaşadığı problemlər Rusiyanın mümkün irəliləyişinin qarşısının alınmasında ən mühüm maneə kimi qiymətləndirilir.

Yazını hazırladı:

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights