ELAZ.İNFO xəbər verir ki, İtaliyada keçirilən Qış Olimpiya Oyunlarının altıncı günündə Rusiya təmsilçiləri növbəti dəfə fəxri kürsüdən kənarda qalıblar. Günün ən çox gözlənilən hadisəsi olan 10 km məsafəyə xizəksürmə yarışında Darya Nepryayeva 21-ci nəticə göstərərək azarkeşlərini məyus edib.
Xizəksürmə yarışlarında İsveç qadınları rəqib tanımır. 10 km-lik məsafədə qızıl və gümüş medalları isveçli idmançılar – Frida Karlsson və Ebba Andersson qazanıblar. Bürünc medal isə ABŞ təmsilçisi Cessika Digginsə qismət olub. Qeyd edək ki, indiyə qədər keçirilən hər üç qadın xizək yarışında isveçlilər qalib gəliblər
Günün ən dramatik hadisəsi snoubordinq (hafpayp) yarışında baş verib. Cənubi Koreyalı Çoy Qa On ilk iki cəhdində yıxılsa da, üçüncü cəhdində 90,25 bal toplayaraq möhtəşəm şəkildə olimpiya çempionu olub. Ev sahibi İtaliya isə uğurlarını davam etdirir. Dağ xizəkçisi Federika Brinyone superhiquantda, konki sürən Françeska Lollobridcida isə 5000 metr məsafədə qızıl medal qazanaraq ölkəsini sevindiriblər.
Yeddi günün yekunlarına görə, qeyri-rəsmi medal hesabında Norveç 7 qızıl medalla liderliyini qoruyur. Ev sahibi İtaliya 6 qızıl medalla ikinci, ABŞ isə 4 qızıl medalla üçüncüdür.
Olimpiya-2026: İlk 5-likdə olan ölkələr
| Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi |
|---|---|---|---|---|
| 1. Norveç | 7 | 2 | 5 | 14 |
| 2. İtaliya | 6 | 3 | 8 | 17 |
| 3. ABŞ | 4 | 7 | 3 | 14 |
| 4. Almaniya | 4 | 3 | 2 | 9 |
| 5. İsveç | 4 | 3 | 1 | 8 |
Ruslan MƏMMƏDOV