Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda həbs edilən Rusiya vətəndaşlarının azadlığa buraxılmasını “xoşməramlı jest” kimi dəyərləndirib.
ELAZ.İNFO xarici mediaya istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində bu məsələyə toxunub. O, Bakıda saxlanılan 11 Rusiya vətəndaşının azad edilməsinin iki ölkə arasındakı münasibətləri gücləndirə biləcəyini iddia edib.
Qaluzin bildirib ki, Rusiya tərəfi bu məsələni mütəmadi olaraq ikitərəfli danışıqlarda qaldırır: “Bakının vətəndaşlarımızla bağlı müvafiq qərarı mehriban qonşuluq ruhunda bir xoşməramlı jest ola bilərdi. Rusiyalıların geri qaytarılması bizim üçün qeyd-şərtsiz prioritetdir.”
Məlumata görə, söhbət 2025-ci ilin iyun-iyul aylarında Bakıda saxlanılan 11 nəfərdən gedir. Rusiya tərəfi onlarla konsulluq əlaqəsinin saxlanıldığını və məsələnin həlli yollarının axtarıldığını bildirib.
Bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da analoji bəyanatla çıxış edərək, bu addımın münasibətlərdə “vacib mərhələ” olacağını vurğulamışdı.
Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanları ölkə ərazisində qanunvericiliyi pozan hər bir şəxs barəsində mənsubiyyətindən asılı olmayaraq müvafiq tədbirlər görür və bu, ölkənin daxili hüquqi məsələsidir.
Ruslan MƏMMƏDOV