ELAZ.İNFO xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov, Brüssel ilə gələcək münasibətlərin bərpası üçün Moskvanın əsas tələblərini bəyan edib. O bildirib ki, Avropa İttifaqı ilə hər hansı dialoq yalnız Brüsselin sanksiya siyasətindən və Kiyevə silah ötürməkdən imtina etdiyi təqdirdə mümkündür.
Diplomatın sözlərinə görə, Avropa tərəfi Rusiyaya qarşı “strateji məğlubiyyət” ideyasından daşınmalı və beynəlxalq hüquqa zidd sanksiyalara son qoymalıdır. Maslennikov vurğulayıb ki, münasibətlərin bərpası prosesi uzun və mürəkkəb olacaq, lakin indiki böhrana səbəb olan köhnə əməkdaşlıq modelinə qayıdış artıq mümkün deyil.
Rusiya tərəfi gələcək qarşılıqlı fəaliyyətin formatını yalnız öz milli maraqları və real vəziyyətin qiymətləndirilməsi əsasında müəyyən edəcəyini diqqətə çatdırıb. Ekspertlər bu açıqlamanı Moskva və Brüssel arasında diplomatik uçurumun daha da dərinləşməsinin göstəricisi kimi qiymətləndirirlər.
Ruslan MƏMMƏDOV