Ötən həftə fiqurların yavaş-yavaş tərpədildiyi şahmat taxtasına bənzəyirdi, lakin hər bir gediş təkcə hərbi və ya siyasi deyil, həm də simvolik əhəmiyyət daşıyırdı. Biz birqütblü, unifikasiya olunmuş dünyanın necə keçmişə qovuşduğunu, onu daha mürəkkəb, eynicinsli olmayan suverenliklər arxitekturasının əvəz etdiyinin şahidi oluruq.
Tramp və Si arasında C.Koreyada keçirilən görüş qarşıdurmanın müvəqqəti yumşaldılmasına işarə idi. 1 illik ticarət “atəşkəsi”, sadəcə, həlledici döyüşqabağı istirahət möhlətidir. Nə ABŞ, nə də Çin digərinin üstünlüyünün saxlanmasında maraqlı deyil. Çin ABŞ-ı uzunmüddətli strategiyası ilə liderlər sırasından çıxarmaq istəyir, ABŞ isə Çinin inkişafını təcili cilovlamağa çalışır. İki dünya, iki sivilizasiya və iki inkişaf fəlsəfəsinin yarışı. Dünya elə bir mərhələyə qədəm qoyub ki, iqtisadiyyat əməkdaşlıq meydanına deyil, döyüş meydanına çevrilir, sabitlik öz yerini daimi yaşamaq uğrunda mübarizəyə verir. Eskalasiyanın növbəti mərhələsi labüddür, mübahisəli olan onun hansı formada baş verəcəyidir: tariflər, texnoloji qadağalar, siyasi təxribatlar və ya proksi hərbi münaqişələr.
Rusiya oyun qaydalarını dəyişməkdə davam edir. “Burevestnik” və “Poseidon” sınaqları təkcə güc nümayişi deyil, həmdə də məsuliyyətin hüdudları barədə xatırlatmadır. Belə sistemlərin mövcud olduğu dünyada heç bir tərəf mütləq qələbəyə ümid edə bilməz. Trampın nüvə sınaqlarının bərpası barədə göstərişi Vaşinqtonun da bu oyuna girdiyini nümayiş etdirmək cəhdidir, hərçənd ABŞ nüvə nəhəngləri yarışında autsayder mövqeyindədir. Reallıqda ABŞ strateji sabitlik üzrə danışıqları bərpa etməyə çalışacaq, çünki əvvəlki strateji balans artıq pozulub və ABŞ diqtə edən tərəf deyil. Trampı strateji hücum silahlarının məhdudlaşdırılması sahəsində müqavilənin müddəti (2026-cı ilin fevralında bitir) uzadılması barədə Putinin təklifinə konkret cavab verməmişdi. Məncə, Tramp onun müddətinin artırılmasına, daha doğrusu, yeni, bu dəfə üçtərəfli (və ya çoxtərəfli) müqavilənin imzalanmasına razılıq verməyə məcbur olacaq.
Avropa daxili və ekzistensial fırtına yaşayır. Slovakiyanı Aİ-də səsvermə hüququndan məhrum etmək istəyi Slovakiyanın özündən çox bütün Avropa elitasına mesajdır ki, Aİ (qlobalist) bürokratiyası ilə fikir ayrılığına imkan verilməyəcək. Lakin məncə, qlobalistlər yanlış hərəkət edirlər, belə reaksiya onların özlərinə qarşı çevriləcək. Məcburiyyət nə qədər güclü olarsa, alternativ bloklar bir o qədər tez formalaşacaq. Macarıstan, Çexiya və Slovakiya artıq özlərini Brüssel “ailəsinin” bir hissəsi kimi hiss etməməyə və daha çox Brüsselin hədəfi kimi hiss etməyə başlayıblar. Uzunmüddətli perspektivdə bu “köhnə” və “yeni” Avropa arasında parçalanmanı sürətləndirəcək. Suverenlik bürokratik Brüssel imperiyasında sağ qalmağın yeganə yolu kimi görünür. İran uranın zənginləşdirilməsini artırmaqda davam edir və nüvə proqramının müzakirə mövzusu olmadığını vurğulayır. Tehran faktiki olaraq “elan edilməmiş nüvə oyunçusu” statusuna (İsrail kimi) doğru irəliləyir. Bunu nümayiş üçün yox, hərbi müdaxiləyə qarşı “qalxan” üçün edir. Yaxın Şərqdə artıq heç kim təhlükəsizlik zəmanətlərinə inanmır. Hörməti imzalanmış sənədlər yox, yalnız imkanlar (hərbi, iqtisadi) qazandırır. İran nüvə ölkəsi statusuna doğru bütün yolu yavaş-yavaş, hay-küylü bəyanatlar vermədən, lakin sistemli şəkildə gedəcək.
Karib dənizindən yenə barıt qoxusu gəlir. ABŞ narkokartelləri ilə mübarizə bəhanəsi ilə Venesuela yaxınlığında hərbi qüvvələrini artırır. Vaşinqton Çin və Rusiyanın regionda artan təsirini neytrallaşdırmaq üçün Maduronu devirməyə çalışır. Rusiya da öz növbəsində Venesuela ilə strateji tərəfdaşlığını rəsmi şəkildə möhkəmləndirərək, müdafiə sistemini gücləndirib. Dünya Kuba raket böhranı zamanı olduğu kimi qlobal güclərin hərbi qarşıdurması astanasındadır. Lakin bu dəfə təkcə Kuba deyil, bütün Latın Amerikasının enerji infrastrukturu təhlükə altındadır.
Dünyada yeni güc mərkəzləri inkişaf edir, onların hər biri təkcə öz sözünü deməyə deyil, həm də öz maraqlarını silahla, ideologiya ilə və iqtisadiyyatla müdafiə etməyə hazırdır. ABŞ artıq hamı ilə döyüşmək və hər yerdə olmaq iqtidarında deyil. Çin artıq gözləməyə hazır deyil. Rusiyanın geri çəkilmək niyyəti yoxdur. Avropa İttifaqının çatları dərinləşir. “Periferiya” ölkələri isə öz təsir orbitlərini qurmağa başlayırlar. Çoxqütblülük artıq rəsmiləşməmiş reallıqdır.
Lakin çoxqütblülük bərabərlik eyforiyası yaratmamalıdır. Qlobal qərar qəbuletmə mərkəzlərinin yenidən bölüşdürülməsinin sərt, gözlənilməz, lakin zəruri prosesi gedir. Yeni reallığı qəbul etməyən ölkələr dünya xəritəsindən silinəcəklər.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
