ELAZ.İNFO xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Livan ərazisində İsrail Hərbi Hava Qüvvələrinin jurnalistləri hədəf almasını sərt şəkildə pisləyib. Rəsmi Moskva bu cinayətin beynəlxalq səviyyədə araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir.
İsrailin Livanın cənubundakı Cəzzin rayonuna endirdiyi raket zərbəsi nəticəsində “Al-Manar” telekanalının üç əməkdaşı — Fatimə Ftuni, Məhəmməd Ftuni və Əli Şuaib həlak olub. Rusiya XİN-in bəyanatında bildirilir ki, bu, təsadüfi zərbə deyil, bilavasitə jurnalistləri hədəf alan qətldir. Hadisə zamanı jurnalistlərin olduğu mülki avtomobilin üzərində “press” (mətbuat) yazısı açıq şəkildə görünməsinə baxmayaraq, yüksək dəqiqlikli silahlarla vurulması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir.
İsrail tərəfi isə iddia edir ki, avtomobildə olanlar jurnalist yox, terrorçular olub. Rusiya XİN bu mövqeyi rədd edərək bildirir ki, “jurnalisti terrorçu adlandırmaqla qətlə lisenziya almaq” qəbuledilməzdir. Nazirlik həmçinin 10 gün əvvəl “RT” telekanalının çəkiliş qrupunun da analoji hücuma məruz qaldığını xatırladaraq, İsrail hərbçilərinin mülki şəxslərə, o cümlədən media işçilərinə qarşı sistemli hücumlar təşkil etdiyini bəyan edib.
Ruslan MƏMMƏDOV