ELAZ.İNFO xəbər verir ki, Rusiya Sənaye və Ticarət naziri Anton Alixanov ölkənin əczaçılıq ixracı ilə bağlı rekord rəqəmləri açıqlayıb. 2025-ci ilin yekunlarına görə, xaricə dərman satışı əvvəlki illə müqayisədə 30%-dən çox artaraq təxminən 1,3 milyard dollara çatıb. Nazir qeyd edib ki, yerli istehsalın genişlənməsi ixrac potensialının güclənməsinə birbaşa təsir göstərib.
Rosstat-ın məlumatına görə, 2025-ci ildə tibbi və baytarlıq məqsədləri üçün dərman vasitələrinin istehsal həcmi 15,4% artıb. Rusiya əczaçılıq bazarı ümumilikdə 13,6% böyüyərək 3,1 trilyon rubl təşkil edib. Birinci vitse-premyer Denis Manturov bu artımın həm dövlət dəstəyi, həm də daxili tələbatın yerli məhsullarla ödənilməsi strategiyasının nəticəsi olduğunu bildirib.
Rusiya əczaçılıq şirkətləri beynəlxalq bazarda mövqelərini möhkəmləndirməkdə davam edir. Ötən il Kubaya dərman istehsalı üçün 6 ton maddə göndərilib. Eyni zamanda, “Veb.RF” dövlət korporasiyasının dəstəyi ilə yeni preparatların ixracı və istehsal sahələrinin modernləşdirilməsi prosesi sürətlənib. Forbes jurnalı artıq 2025-ci ilin ən yaxşı farmakoloji şirkətlərinin reytinqini dərc edərək sektorun liderlərini müəyyənləşdirib.
Ruslan MƏMMƏDOV