Məlum olduğu kimi 4 dekabrda Putin Hindistana rəsmi səfər etdi. Protokoldan kənar olaraq Modi şəxsən onu hava limanında qarşıladı. Görüş əsasən iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi təqdim edilsə də onun arxasında gizlənən geosiyasi maraqları görməmək mümkün deyil.
5 dekabrdan Nyu-Dehlidə rəsmi fəaliyyətə başlayan Kremlin təbliğat nəhəngi RT India studiyası həmin gün Hindistan internet məkanına aşağıdakı simvolik cizgi filmini buraxdı.
Filmdə Putin və Modi kefləri kök üçyerli motosikldə gedirlər. Niyə üçyerli – tam anlamadım. 3-cü yerin mənası olmasaydı, ikiyerli motosiklə oturmaları daha məntiqi görünərdi. 3-cü yer Çin üçünmü, ya ABŞ üçünmü nəzərdə tutulmuşdu? Filmin sonundakı epizodu nəzərə alsaq, yəqin ki, Çin üçün nəzərdə tutulub. Modi dostluq haqqında mahnı oxuyur və daha çox sevinir. Putin də sevinir, lakin emosiyalarını xəsisliklə bildirir.
Yol boyu onların arxasında neft mancanaqları, zəmilər və S-400-ləri görürük. Bunlar Rusiya və Hindistan arasında enerji, ərzaq və hərbi sahədə əməkdaşlığın daha da genişlənəcəyinə işarədir.
Sonda onlar YDM-ə yaxınlaşırlar. Orada Rusiya və ABŞ benzini satılır, ABŞ benzinini satan Trampdır. Modi elə Trampın gözünün qabağında Rusiya benzinindən istifadə edir. Yəni Trampın sanksiyası vecimə deyil – nefti yenə Rusiyadan alacam.
YDM-dən uzaqlaşarkən Modi Trampın başından papağını götürür. Bunun nə məna verdiyini tam da anlamadım. Həm də Trampın papağının niyə mavi olduğunu da başa düşmədim. Axı o çox vaxt qırmızı, bəzən də ağ rəngli papaq qoyur. Göy papaq qoymasını heç vaxt görməmişəm.
Nəzərə alaq ki, Putinin Trampın şəxsi nümayəndələri ilə 5 saatlıq görüşü dekabrın 3-ü gecəsi başa çatmışdı və həmin görüş Rusiya və ABŞ hakimiyyətləri arasında yumşalmanın baş verdiyini göstərirdi. RT-nin hazırladığı film hakimiyyətin senzurasından keçmədən efirlərə buraxıla bilməzdi. Belə çıxır ki, Putin artıq Trampa sataşmaqdan, onun əsəbləri ilə oynamaqdan ehtiyat etmir.
Bunlar açıq mesajlar idi. Lakin bu səfərdə gizli geosiyasi mesajlar daha çoxdur.
Rusiya üçün bu görüşün geosiyasi əhəmiyyəti (iqtisadi faydaları aydındır deyə onlar haqda yazmayacam):
Artıq məlumdur ki, ABŞ gec-tez Asiyadan geri çəkiləcək və Qərb yarımkürəsini öz nəzarətində saxlamağa çalışacaq. Avropa güc mərkəzi deyil. Belə çıxır ki, Şərq yarımkürəsində Çinə rəqib qalmayacaq. Rusiya istəsə də, istəməsə də Çinin təsiri altına düşə bilər. Deməli, Çinlə balanslaşdırıcı güc bloku yaradılmalıdır.
Hindistan da təkbaşına Çindən çox zəifdir. Lakin Rusiya ilə birlikdə Çinə balans ola bilərlər.
Rusiyanın Çinlə də, Hindistanla da münasibətləri çox yaxşıdır. Hindistan və Çin arasında isə həlli görünməyən münaqişə var. Deməli, Rusiya onların arasında moderator ola bilər.
Rusiya İran və Hindistan vasitəsilə Hind okeanına çıxış əldə etməklə 200 illik geosiyasi arzusuna çata bilər. Əvəzində Rusiya Hindistanı da özünün böyük gəlirlər vəd edən Arktika layihələrinə cəlb edir. Bununla o həm böyük investor qazanır, həm də Çinin təsirini tarazlayır (Çini Arktika layihələrinə çoxdan dəvət edib).
Aydındır ki, yeni dünya nizamının (azı şərq yarımkürəsində) əsas oyunçuları Çin və Hindistan olacaq (ən çox əhalisi və ən böyük iqtisadiyyatı olan 2 ölkə). Rusiya indidən onların hər ikisi ilə strateji münasibətləri yaxşı qurmağa çalışır.
Rusiyanın xammal olmayan məhsullarının Çin bazarına girməsi mümkün deyil. Çünki Çinin istehsal etmədiyi mal yoxdur, özü də Rusiyadan ucuz istehsal edir. Həm də Çin bazarı doyub, onun inkişaf etmək potensialı, demək olar ki, tükənib. Hindistan bazarı isə “xam torpaqdır”. Burada insanların həyat səviyyəsi yüksəldikcə bazar azı 5 dəfə böyüyə bilər! Rusiya indidən bu bazarda mövqe qazanmaq istəyir.
Hindistan üçün bu görüşün geosiyasi əhəmiyyəti:
Hindistan ABŞ-a mesaj verdi ki, o Qərb blokuna qoşulmayacaq, onların Çinə qarşı “Ukraynası” olmayacaq.
Çinə mesaj verdi ki, onun arxalana biləcəyi güc var.
Rusiyanın təbii sərvətləri Hindistanı daha güclü edə, sürətli inkişafını təmin edə, məhsullarının rəqabət qabiliyyətini artıra bilər.
Rusiya vasitəsilə Hindistan yeni dünya nizamının “çəkilməsində” masa arxasında yer ala bilər. Bu Rusiyaya da sərf edir.
Hindistan əhalisi artmaqda davam edir. Onun ən böyük problemi əhalinin ərzaq təminatı olacaq. Rusiyanın isə ucsuz-bucaqsız çölləri var. Rusiya ərzağı Hindistan üçün həyati əhəmiyyətli təhlükəsizlik amilinə çevriləcək.
Rusiyanın da, Hindistanın da Çinlə ortaq sərhədləri var – ortaq sərhəd hər yerdə tarixən münaqişə mənbəyi olub. Rusiya ilə Hindistanın isə nə indi, nə də tarixən ortaq sərhədləri olmayıb. Böyük güclər arasında bufer dövlətlərin olması çox vacibdir. Bu amil onların daha etibarlı müttəfiq olmalarına zəmin yaradır.
Belə yüksək səviyyədə görüş həm də Rusiyanın Qərblə mübarizədə üstün gəlməsinin nümayişi idi. Ukrayna münaqişəsinin Rusiyanın xeyrinə həlli yaxınlaşdıqca Moskvanı ziyarət edən ölkə liderlərinin sayının artacağını müşahidə edəcəyik.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi


