“Müqəddəs” Mariyanın müğənni Allanı ikiüzlülükdə ittiham etməsi də ruslar üçün bir ayrı dərddir...
Putinin Ukraynaya qarşı işğalçı siyasətini dəstəkləmədiyinə görə “düşmən” elan edilən və Rusiyanı tərk etmək məcburiyyətində qalan məşhur estrada müğənnisi Alla Puqaçovanın Yekaterina Qordeyevaya verdiyi müsahibəsini son 2-3 gün ərzində Rusiyada və postsovet ölkələrində milyonlarla insan izləyib.
Müsahibəyə müxtəlif yanaşmalar var.
Maraqlıdır ki, müsahibəyə Kreml də Mariya Zaxarovanın timsalında reaksiya verib.
Amma bu reaksiya elə Mariya Zaxarovanın özü kimi toksikdir, zəhərlidir.
Puqaçovanın müsahibəsini şərh edən Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Alla Puqaçovanın fikirlərini “riyakarlıq bazarı” adlandırıb.
“Bir əsər var ki, sonralar ümumi ifadəyə çevrilib – “Vanity Fair”. Bu isə ikiüzlülük bazarıdır” – deyə, M.Zaxarova jurnalistlərin həmin müsahibə ilə bağlı sualını cavablandırıb.
Mariya Zaxarovanın özü və onun təmsil etdiyi Putin Rusiyası təpədən dırnağa ikiüzlülük, riyakarlıq nümunəsi olduğu halda Puqaçovanı riyakarlıqda ittiham etməsi doğrudan da riyakarlığın ən üst nöqtəsidir.
P.S. “Rusiya absurdlar ölkəsidir” -deyənlər qətiyyən yanılmırlar.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi