Moldovanın yeni seçilmiş hökuməti paytaxt Kişinyovda fəaliyyət göstərən Rusiya Elm və Mədəniyyət Mərkəzinin (“Rus evi”) bağlanması barədə qərar qəbul edib.
Bəs, Moldova hökuməti nədən belə bir qərara gəlib?
Bu məsələyə aydınlıq gətirmək üçün bir qədər keçmişə qayıtmalıyıq.
Məsələ burasındadır ki, “Rus evi” 1998-ci il oktyabrın 30-da Moskva şəhərində imzalanmış Moldova-Rusiya sazişi əsasında açılıb. Həmin saziş hər iki ölkə ərazisində mədəniyyət mərkəzlərinin yaradılmasını, mədəni, humanitar və elmi əlaqələrin inkişafını nəzərdə tuturdu və 2001-ci il iyulun 4-də qüvvəyə minib.
Ancaq “Rus evi”nin bağlanması ilə bağlı sözügedən qərar layihəsini təqdim edən mədəniyyət naziri Kristian Jardyan`ın sözlərinə görə, 24 fevral 2022-ci ildən sonra “Rus evi” Rusiyanın Moldovaya qarşı “hibrid müharibə aləti”nə çevrilib.
Başqa sözlə desək, Kreml Moldovadakı “Rus evi”ni casus yuvasına, təxribat mərkəzinə çevirmişdi.
Ona görə də moldovalı nazir K. Jardyan bildirib ki, “hazırkı geosiyasi şəraitdə bu mərkəzin fəaliyyət göstərməsi artıq mümkün deyil, çünki Rusiya tərəfindən dezinformasiya yaymaq üçün istifadə oluna bilər”.
Kristian Jardyan onu da əlavə edib ki, Moldovanın Rusiya ərazisində analoji mədəniyyət mərkəzi yoxdur.
Bəli, Kreml hər yerdə “Rus evi” açmağa çalışsa da, ancaq həmin ölkələrin Moskvada və ya Sankt-Peterburqda öz milli mərkəzlərini açmaları üçün heç bir şərait yaratmır.
Və bu da azmış kimi, Putinin mətbuat katibi Dmitri Peskov Moldova hökumətinin məlum qərarı ilə bağlı açıqlamasında bildirib ki, “rəsmi Moskva Kişinyovdakı “Rus evi”nin bağlanmasına təəssüflə yanaşır və Moldovanın bu qərarının ölkə vətəndaşlarının maraqlarını görməməzliyə vurduğunu düşünür”.
“Ölkə vətəndaşlarının maraqlarını görməməzliyə vurulması” nə deməkdir?
Postsovet məkanında ən axmaq mətbuat katiblərindən biri kimi tanınan Peskov, görəsən, bu cür düşük sualıyla kimi axmaq yerinə qoyur?
Axı Moldova hökuməti bu qərarı məhz ölkə vətəndaşlarının – Moldovan xalqının maraqlarını qorumaqdan ötrü qəbul edib. Çünki “Rus evi” moldovanların milli maraqlarına zidd olan işlərlə məşğul olurdu.
Əslində, Peskov da bunu yaxşı bilir. Ancaq o, iz azdırmaq üçün saxta diplomatik cümləpərdazlığa əl atıb.
P.S. Zaman göstərdi ki, Azərbaycan “Rus evi”ni bağlamaqla düzgün qərar verib. Onsuz da tez ya gec bütün postsovet ölkələri oxşar addımı atmalı olacaqlar.
P.P.S. Yeri gəlmişkən, artıq bir sıra Avropa ölkələrində də “Rus evi” adı altında fəaliyyət göstərən mərkəzlər bağlanıb. Bunun əvəzində isə, Kreml hazırda Afrika və Latın Amerikası ölkələrində “Rus evi” açmaqla məşğuldur. Bu da Putinin “müdrik” xarici siyasətinin “böyük” uğurudur.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi
