ELAZ.İNFO xəbər verir ki, Rusiya Premyer Liqasında (RPL) 19-cu turun bütün oyunlarında VAR sisteminə müraciət edilməsi və ofsayd xətləri ilə bağlı yaranan xaos rəsmi qurumları hərəkətə keçirib. liqa rəhbərliyi və klub məşqçiləri hakimlik səviyyəsi ilə bağlı fərqli fikirlər səsləndiriblər.
RPL prezidenti Aleksandr Alayev jurnalistlərə açıqlamasında ofsayd xətləri ilə bağlı yaranan texniki problemlərin həlli üçün iki yol təklif edib: 1.Mövcud sistemin təkmilləşdirilməsi (əlavə kameralar və kadr hazırlığı). 2.Avropa tədarükçülərinə alternativ tapmaq və yeni texnologiya gətirmək. Alayev vurğulayıb ki, hər kəs sistemin Çempionlar Liqasındakı kimi qüsursuz işləməsini istəyir, lakin sanksiyalar və tədarük zəncirindəki problemlər buna mane olur.
Moskva “Spartak”ının yeni baş məşqçisi Xuan Karsedo isə fərqli məqama toxunub. O, Rusiyada hakimlik səviyyəsinin kifayət qədər yüksək olduğunu desə də, VAR-dan həddindən artıq çox istifadə olunmasının oyunun tempini aşağı saldığını qeyd edib. 19-cu turdan sonra liderlər qrupunda vəziyyət daha da gərginləşib. İlk üçlükdə yer alan komandaların hamısı qələbə qazanıb: “Krasnodar” – “Rostov”u 2:1 hesabı ilə məğlub edərək 43 xalla liderliyini davam etdirir. “Zenit” – Öz meydanında “Baltika”ya qalib gələrək 42 xalla 2-ci yerdədir. “Lokomotiv” – “Pari NN”-i 2:1 hesabı ilə üstələyərək 40 xalla 3-cü sıradadır. Medal iddialılarından olan ÇSKA isə gözlənilmədən Qroznıda “Axmat”a 0:1 hesabı ilə uduzaraq 36 xalla 4-cü yerdə qalıb və liderlərdən uzaqlaşıb.
ELAZ.İNFO-nun analizi göstərir ki, çempionluq yarışı bu üç klub arasında son tura qədər davam edəcək, lakin texnoloji səhvlər bu yarışın taleyini həll edən əsas faktor ola bilər.
Ruslan MƏMMƏDOV