Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur. Digər bir mənbəyə görə Roma sözü yunan mənşəli Ρώμη (Rome) sözündən olub “hünər, qoçaqlıq” mənasını daşıyır.
