Real hərbi güc bu müharibəni bir həftədən də tez uda bilərdi

ELAZ.İNFO xəbər verir ki, 24 sentyabrda BMT-də Zelenski ilə görüşdükdən sonra Tramp öz s/şəbəkə hesabında aşağıdakı mətni yazdı:

“Ukrayna ilə Rusiya arasındakı hərbi və iqtisadi vəziyyətlə tanış olandan və tam dərk edəndən, bunun Rusiya üçün hansı iqtisadi problemlər yaratdığını görəndən sonra düşünürəm ki, Avropa İttifaqının dəstəyi ilə Ukrayna döyüşmək və bütün Ukraynanı ilkin vəziyyətinə qaytarmaq iqtidarındadır. Avropanın, xüsusən də, NATO-nun vaxt, səbr və maliyyə dəstəyi nəzərə alınarsa, bu müharibənin başladığı ilkin sərhədləri qorumaq tamamilə mümkündür. Niyə də olmasın? Real hərbi gücün bir həftədən az müddətə qalib gələ biləcəyi müharibəni Rusiya üç il yarımdır məqsədsiz şəkildə aparır. Bu Rusiyanı şərəfləndirmir. Əslində, bu onu “kağız pələng” kimi göstərir. Moskvada və Rusiyanın bütün böyük şəhərlərində, qəsəbələrində və rayonlarında yaşayan insanlar bu müharibədə əslində nə baş verdiyini, yaranan uzun növbələr üzündən onların benzin əldə etməsinin, demək olar ki, mümkünsüzlüyü faktını və onların pullarının böyük hissəsinin Böyük Ruha sahib olan və getdikcə yaxşılaşan Ukrayna ilə mübarizəyə xərcləndiyi hərbi iqtisadiyyatında baş verən qalan hər şeyi bilsələr, Ukrayna öz ölkəsini ilkin formada qaytara bilər və, kim bilir, bəlkə daha da irəli gedə bilər! Putinin və Rusiyanın böyük iqtisadi problemləri var və Ukraynanın hərəkətə keçmə vaxtıdır. Bütün hallarda hər iki ölkəyə ən yaxşısını arzulayıram. Biz NATO-ya silah göndərməkdə davam edəcəyik ki, NATO onlarla istədiklərini edə bilsin. Hər kəsə uğurlar!

DONALD C. TRAMP, AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ”

Bunu oxuyan kimi Zelenki və bizdəki bir çoxları sosial şəbəkələrdə toy-bayram eləməyə başladılar ki, Rusiyanın işi biti. Yəni insanlar düşünmək istəmirlər, onlara arxasında heç nə dayanmayan patetik sözlər kifayətdir.

Trampın bu statusu nəyi dəyişir?

▪️Bundan sonra Ukrayna maliyyə yardımı edəcək? Xeyr. Belə vəd də verməyib. Konqresdə məcbur etməsələr, heç bir yardım etmək fikri yoxdur.

▪️Ukraynaya silah verəcək? Xeyr. Özü yazıb ki, NATO-ya satacaq, o da istəsə, Ukraynaya verə bilər.

▪️Ukraynaya başqa əlavə dəstək verəcək? Xeyr. Yazıb ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə döyüşə bilər.

Bəs onun Ukraynaya nəsə yeni bir dəstəyi varmı? Bəli.

▪️Rusiyanı pisləyib, lağa qoyub, “kağız pələng” adlandırıb və yazıb ki, real hərbi güc bu müharibəni bir həftədən də tez udardı.

▪️Ukraynanı isə tərifləyib – “Böyük Ruh”, “getdikcə yaxşılaşan Ukrayna” ərazisini qaytara bilər, hətta Rusiya ərazilərini götürə bilər…

Real hərbi güc də, Trampa görə, yəqin ki, ABŞ ordusudur. O ordu ki, 20 ilə Əfqanıstanı təslim edə bilmədi və oradan dabanına tüpürüb qaçdı, elə tələm-tələsik qaçdı ki, milyardlarla dollarlıq texnikası taliblərə qaldı. O ordu ki, ayaqyalın husilərə məğlub oldu…

Çox güclü dəstəkdir! Bu sözləri Ukrayna tanka mindirə bilsə, Moskvaya qədər qabağında dayanan olmaz!

Onda niyə Tramp bu statusu yazıb?

Bunun 2 cavab versiyası ola bilər: 1. Ağlına nə gəlir, yazır. 2. Düşünülmüş provokasiyadır.

Trampın son aylar yazdıqlarını və etdiklərini izləyəndə 1-ci versiyanın ehtimalını heç də az hesab etmirəm, amma bunun üstündə dayanmayacam.

Hesab edək ki, 2-ci versiyadır. Məqsəd nə ola bilər?

Tramp Amerikanın Ostap Benderidir. Hamını barmağına dolayıb, çoxlu pul qazanmaq istəyir. Qalan hər şey onun üçün 2-ci, 3-cü dərəcəli əhəmiyyət daşıyır. Qəzzada yüzminlərdə adam, o cümlədən körpələr, qadınlar öldürülür – vacib deyil. Vacibi budur ki, Qəzza onlardan təmizlənəndən sonra orada Tramp Aralıq sahili Rivyera tikəcək və milyardlar qazanacaq. Ukrayna bir ölkə kimi məhv olur – vacib deyil. Ya sərvətləri Trampa çatmalıdır, ya da silah satışından qazanmalıdır…

Yazı davam edir…

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights