Razi Nurullayevdən sərt tələb: “Vətəndaş evində donur, biz sənəd davası döyürük!”

ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev sənədsiz evlərin qaz təminatı ilə bağlı mövcud qanunvericiliyi və məmurların yanaşmasını kəskin tənqid edib. Millət vəkili “Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik edilməsinin vacibliyini vurğulayaraq, vətəndaşların çıxılmaz vəziyyətdə qaldığını bildirib.

Deputat çıxışında bürokratik maneələrin insan həyatını təhlükəyə atdığını qeyd edib: “Bir çox yerdə qaz borusu evin düz yanından keçir, amma çıxarış (kupça) olmadığı üçün qaz verilmir. Bu nə məntiqdir? Uşağa deyək ki, üşümə? Yaşlı adama deyək ki, döz? Qışa deyək ki, bir az gözlə? Bu, real həyatdan qopmuş bir yanaşmadır. İnsanları soyuqda dondurmaq islahat deyil, laqeydlikdir!”

Razi Nurullayev alternativ istilik vasitələrinin də əlçatmaz olduğunu diqqətə çatdırıb. O bildirib ki, ağac kəsən cinayət məsuliyyətinə cəlb olunur, kömür isə od qiymətinədir: “Həyətindəki ağacı kəsəndə adamın üstünə elə şığıyırlar ki, elə bil adam öldürüb. Odun tədarükünə icazə yoxdur, kömür bahadır, dövlət də alternativ təqdim etmir. Vətəndaşı iki seçim arasında qoymaq olmaz: ya don, ya da qanunu poz!”

Millət vəkili illərlə yığılıb qalmış sənədləşmə probleminin yükünü sadə vətəndaşın çiyninə qoymağın ədalətsiz olduğunu vurğulayaraq iki mühüm təklif irəli sürüb:

  1. İcra hakimiyyətinin arayışı qaz çəkilməsi üçün hüquqi əsas sayılsın və sənəd gözləmədən evlərə istilik verilsin.
  2. Qaz olmayan yerlərdə dövlət ya münasib qiymətə odun-kömür təminatını təşkil etsin, ya da nəzarətli tədarükə icazə versin.

Razi Nurullayev sonda qeyd edib ki, 30-40 ilin qanunsuzluqlarına göz yuman məmurların səhvini vətəndaş öz canı ilə ödəməməlidir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights