Razi Nurullayev: -“Dördüncü dəfə olacaq ki, yas pulunun verilməsi ilə bağlı məsələni qaldırıram”

Haqlının haqqını ala bilməməsi bu günkü cəmiyyətin ağrılı dərdidir. Millət vəkili Razi Nurullayev ELAZ.İNFO-ya deyir ki, “elə hallar olur ki, vəzifəyə təzə təyin olunan məmur kreslosuna çatar-çatmaz qılıncını çəkib, düşür işçilərin üstünə ki, ərizəni yaz, səninlə işləyə bilməyəcəyik. Ədalət naminə deməliyəm ki, hər məmur belə deyil, amma var. Pensiya yaşına çatmağa az qalmış dövlət qulluqçusunun işdən çıxarılmasına cəhdlər də olur”.

Millət vəkili bildirir ki, “hamıya oğru kimi baxırlar. Təbii ki, qanun pozuntusuna yol verən şəxslərin işinə xitam verilməsi başa düşüləndir. Toxunduğum məsələ isə əsas vəzifə postlarının boşaldılmasına məcburetmə və ətraflarına dostlarının, yaxınlarının yığılmasıdır. Bu qəbuledilməzdir və belə hallara birdəfəlik son qoyulmalıdır. Bu narahatlığımızı nəzərə alaraq bu işlərə nəzarət etmək və təkliflər hazırlamaq üçün Parlament Komissiyasının yaradılması imkanlarının nəzərdən keçirilməsini xahiş edirəm”.

Razi Nurullayev fikrinə davam edərək söyləyir ki, “dördüncü dəfə olacaq ki, yas pulunun verilməsi ilə bağlı məsələni seçicilərimin istəyi ilə qaldırıram. Yas pulu işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Elə olur ki, adamın pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə yaş pulundan məhrum olur. Bir neçə il öncə bu məsələni qaldıran zaman məlumat verilmişdi ki, haqlı məsələdir, məsələnin əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır”.

Razi Nurullayevi düşündürən vacib məsələlərdən biri də ölüm kağızını almaqda çətinlik çəkən vətəndaşların narahatlığıdır. O vurğulayır ki, “İmişlidə əksər yaş məclislərində məndən ölüm kağızının alınması ilə bağlı kömək istənilir. Prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirlib və tələblər yüksəlib. Amma, qəbul etməliyik ki, bizim yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərimizə söykənir. Xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir”.

Hislərini həyəcanla bildirən millət vəkili qeyd edir ki, “yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına düşmür belə. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir. Əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı? Məntiqli sual deyilmi? Təklif edirəm ki, ölüm kağızının və dəfn pulunun ödənilməsi ilə bağlı problemlərin həlli üçün qanun və qaydalarda sadələşdirilmə aparılsın”.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights