İsraildə yaşayan və Or Ovadia Sinqoqunun yaradıcısı, baş Haham Rav Şmuel Simatov, Azərbaycan-İsrail əlaqələrinin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətlərdən biridir. O, təkcə dini lider kimi deyil, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və iki xalq arasında dostluq körpüsünün qurulmasında fəal rol oynayan bir ziyalı kimi tanınır.
Azərbaycanın İsraildəki layiqli nümayəndəsi Rav Şmuel Simatov Oğuz rayonundan olan Azərbaycanlı Yəhudi bir şəxsiyyət olaraq, ölkəsinin tarixini, mədəniyyətini və milli maraqlarını ikinci vətəni İsraildə fəal şəkildə təbliğ edir. O, Azərbaycanın tolerantlıq ənənələrini və yəhudi icmasına göstərdiyi tarixi qayğını vurğulayaraq, Azərbaycanın beynəlxalq arenada sülhsevər və multikulturalist ölkə olduğunu hər zaman vurğulayır.
Onun təşəbbüsləri sayəsində İsraildə Azərbaycan diasporu daha da güclənmiş, yerli yəhudi icmaları ilə əlaqələr dərinləşmişdir. Eyni zamanda, Rav Şmuel Simatov Azərbaycan və İsrail xalqları arasında strateji əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilinə öncüllük etmişdir.
Rav Şmuel Simatovun ən mühüm fəaliyyətlərindən biri Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasıdır. O, İsraildə və digər ölkələrdə keçirilən anım tədbirlərində aktiv iştirak edərək, Xocalı faciəsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayır. Onun çıxışlarında Azərbaycan xalqının bu tarixi ədalətsizliyə məruz qaldığını və bu faciənin beynəlxalq səviyyədə tanınmasının vacibliyini xüsusi qeyd edib. Bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər nəticəsində İsraildə Xocalı soyqırımı haqqında məlumatlılıq artmış, bu hadisənin qlobal səviyyədə tanınması istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan və yəhudi xalqları arasında min illərə söykənən tarixi dostluq münasibətləri vardır. Hər zaman Azərbaycanda yəhudi icmaları sülh və əmin-amanlıq şəraitində yaşayır, dövlət tərəfindən onlara böyük qayğı göstərilir. Rav Şmuel Simatov bu münasibətlərin qorunması və daha da inkişaf etdirilməsi üçün yorulmadan çalışır.
Onun fəaliyyətləri, Azərbaycan və İsrail arasındakı dostluğun möhkəmlənməsinə, mədəni və dini əlaqələrin gücləndirilməsinə töhfə verir. O, Azərbaycan xalqının yəhudi icmasına göstərdiyi tarixi və müasir qayğını yüksək qiymətləndirərək, bu münasibətlərin əbədi olduğunu vurğulayır.
Rav Şmuel Simatov İsraildə Azərbaycanı layiqincə təmsil edən, iki xalq arasında dostluğu və əməkdaşlığı gücləndirən görkəmli şəxsiyyətlərdən biridir. Onun Xocalı soyqırımının dünyaya tanıdılması, Azərbaycan-İsrail münasibətlərinin inkişafı və Azərbaycan mədəniyyətinin təbliği sahəsində göstərdiyi xidmətlər, onu təkcə dini lider deyil, həm də Azərbaycanın sadiq dostu kimi önə çıxarır. Bu gün onun fəaliyyəti, iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət edir və Azərbaycan-İsrail dostluğunun parlaq nümunəsi kimi yadda qalır.
Natəvan BƏYDİLİ