Rəsmilər bu xəbəri təsdiqləməyib

Deyirlər, İranın fars-molla rejiminin əsas siyasi simvollarından biri olan hicab (təsəttür, baş örtüsü) məcburiyyəti ləğv olunub.

Bununla əlaqədar hətta Qanunların Məqsədyönlülüyünü Qiymətləndirmə Mərkəzi Şurasının üzvü Məhəmmədrza Bahonər`in açıqlama verdiyini də bildirirlər.

“Azad İran” Telegram kanalının məlumatına görə, M.Bahonər belə deyib:

“Hüquqi və məhkəmə nöqteyi-nəzərindən, hicab qanun layihəsi artıq icra oluna bilməz. Və artıq, İranda hicab taxmağın hansısa hüquqi öhdəliyi yoxdur və bu, heç bir cərimə, cəza və ya hüquqi nəticələrə səbəb olmayacaq. Polislərə də bunu deyin!”

Lakin hicabın ləğv olunması qərarının doğruluğu, səhihliyi hələlik bəlli deyil. Çünki nə Xameneinin ofisi, nə də ki, prezident Məsud Pezeşkianın sözçüləri bu xəbəri təsdiqləməyib.

Ancaq bütün hallarda bu məsələ İranın daxili işidir. Bizim üçün önəmli olan isə Güney Azərbaycan türklərinə ana dilində təhsil almaq hüququnun verilməsi, güneyli milli fəalların təqib olunmasına son qoyulması, Urmu gölünün xilas edilməsi, Urmiya azərbaycanlılarının sıxışdırılmasına və öz yurdlarından köçməyə məcbur edilmələrinə son verilməsi kimi aktual məsələlərdir.

Məsud Pezeşkian prezident seçkiləri kampaniyası zamanı çıxışlarında hicab məcburiyyətinin ləğvi ilə bərabər, bu məsələlərin də həlli ilə bağlı vədlər vermişdi.

Ancaq o vədlərin hələlik heç biri yerinə yetirilməyib. Urmu gölü isə, ümumiyyətlə, son aylarda artıq tamamilə quruyub.

Hicabın ləğvi güneyli soydaşlarımızın təməl hüquqlarının pozulmasının qarşısının alınmasında elə bir ciddi dəyişiklik, dönüş yaratmayacaq.

Pezeşkian İranın gerçəkdən demokratikləşməsini və normal bir ölkəyə çevrilməsini istəyirsə, bununçün ilk növbədə güneyli soydaşlarımızın və digər qeyri-fars xalqların ana dilində təhsil almaq hüququna dair Ana Yasanın 15-ci maddəsinin icrasından başlamalıdır.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights