Rəsmi Tehran 2 986 Nəfərin Adını Açıqladı

ELAZ.İNFO xəbər verir ki, İran İslam Respublikasının Prezident Administrasiyası ölkədə son vaxtlar baş verən kütləvi iğtişaşlar və etiraz aksiyaları zamanı həlak olanların siyahısını dərc edib. Rəsmi sənəddə 2 986 nəfərin adı yer alıb ki, bu da regionda son illərin ən böyük insani itkisi kimi qiymətləndirilir.

İran rəsmi dairələrinin fevralın 1-i axşam saatlarında yaydığı bəyanatda ölənlərin ümumi sayı ilə siyahıdakı adlar arasında fərqə aydınlıq gətirilib: Ümumi ölüm sayı: 3 117 nəfər. Adı açıqlananlar: 2 986 nəfər. Kimliyi müəyyən edilməyənlər: 131 nəfər.

Prezident Məsud Pezeşkianın göstərişi ilə hazırlanan bu siyahıda həm mülki vətəndaşların, həm də təhlükəsizlik qüvvələri əməkdaşlarının adları var. Hakimiyyət orqanları 131 nəfərin kimliyinin hələ dəqiqləşmədiyini, onların məlumatlarının əlavə siyahı şəklində təqdim olunacağını bildirib.

İranda genişmiqyaslı dalğa ötən ilin dekabrın 29-da milli valyuta — rialın kəskin dəyər itirməsi (devalvasiya) və iqtisadi çətinliklərə etiraz olaraq başlamışdı. Küçə yürüşləri qısa zamanda siyasi şüarlarla əvəzlənərək ölkənin demək olar ki, bütün iri şəhərlərini bürüdü.

İranın Xarici İşlər naziri Abbas Araqçi bəyan edib ki, yanvarın 8-dən etibarən nümayişçilərin arasına silahlı terrorçular sızıb. Tehran bu iğtişaşların təşkilində birbaşa ABŞ və İsraili günahlandırır. Rəsmi rəqəmlər 3 117 itki desə də, bəzi beynəlxalq hüquq müdafiə təşkilatları (məsələn, HRANA) itkilərin real sayının 6 700-ü keçdiyini iddia edir.

ELAZ.İNFO qeyd edir ki, rəsmi Tehran bu siyahını dərc etməklə “şəffaflıq” mesajı verməyə çalışsa da, ölkədə gərginlik hələ də tam səngiməyib. Rejim çökəcəyi təqdirdə özü ilə bərabər xalqı da uçuruma sürükləmək riskini göz önünə alıb. İranda yaşayan milyonlarla soydaşımızın və dinc əhalinin müqəddəratı hələ də beynəlxalq güclərin və yerli idarəetmənin amansız rəqabətinin ortasında qalıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights