ELAZ.İNFO, BAKI, 13.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Polşa Serb Respublikasının (Bosniya və Herseqovinanın subyekti) prezidenti Milorad Dodikin öz ərazisinə girişini qadağan edəcək. Reuters Xarici İşlər Nazirliyinin bəyanatından sitat gətirərək yazır ki, “Milorad Dodikin ölkəyə girişinə qadağa qoyulması proseduruna başlanılıb. Bu, hələ də davam edir və bir neçə gün ərzində tamamlanacaq”.
Məlumat üçün bildirək ki, Polşanın bu addımından əvvəl Avstriya və Almaniya da “Bosniya və Herseqovinadakı konstitusiya böhranını” əsas gətirərək Dodikə ölkəyə giriş qadağası qoymuşdu. Vyana və Berlin “konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görməyə” qərar veriblər.
Onu da qeyd edək ki, fevralın 26-da Bosniya və Herseqovina Məhkəməsi Dodiki ölkənin beynəlxalq ictimaiyyətin yüksək nümayəndəsi Kristian Şmidtin qərarlarına məhəl qoymadığına görə bir il həbs və altı il siyasi qadağaya məhkum edib. Söhbət birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilə bilən qərarından gedir. Martın 12-də Bosniya və Herseqovina Prokurorluğu təhlükəsizlik orqanlarından Dodik, Serb Respublikasının baş naziri Radovan Vişkoviç və qurum parlamentinin spikeri Nenad Stevandiçi həbs etmək üçün kömək istəyib. Serb Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri Sinişa Karan onların saxlanılma ehtimalını istisna edib.
İlahə BAYINDIR
