Rəhbərin kimliyi deyil, mənliyi önəmlidir. Rəhbər kreslosuna əyləşmək bir titula sahib olmaq deyil, böyük bir məsuliyyətin altına girmək deməkdir. Yalan danışan, dürüstlükdən uzaq, dələduz və ikiüzlü insan heç zaman əsl rəhbər ola bilməz. Rəhbərlik vicdanın, ədalətin, məsuliyyətin və şəffaflığın təcəssümüdür. Əgər bir insanın iç dünyası çirkindirsə, onun idarə etdiyi sistemdə nə güvən olar, nə də inkişaf. Rəhbər ilk növbədə özü şəxsiyyət olmalı, sonra vəzifəsini icra etməlidir.
Hər bir rəhbər çalışdığı sahənin maraqlarını, strateji məqsədlərini qorumalı, amma bu zaman kollektivin güvənini və motivasiyasını sarsıtmamalıdır. İşçilərin motivasiyası, performansı və təşəbbüskarlığı birbaşa rəhbərin davranış modelindən asılıdır. Əgər rəhbər sadəcə nəticəyə fokuslanar, prosesi və insan faktorunu nəzərə almazsa, o zaman iş mühiti getdikcə süstləşər, yaradıcı fikir və təşəbbüslər məhv olar. İşçilərin özlərini inkişaf etdirmələri üçün ən sağlam yol onların səhv etməsinə şərait yaratmaqdır. Səhv edən insan düşünür, öyrənir və düzəltmək üçün çalışır. Amma səhv edən insanı alçaltmaq, ona güvəni itirmək, o şəxsi yox, bütün sistemi məhv edə bilər.
Rəhbər heç zaman öz işçilərinə liderlik “öyrədə” bilməz. Liderlik şəxsi keyfiyyətdir, insanın öz içindən gələn fərqlilikdir. Əgər rəhbər hər bir əməkdaşa liderlik etməyi təlqin etməyə çalışsa, bu ümumi əməkdaşlıq prosesini zədələyər. Qrup işi fərdlərin deyil, kollektivin birlikdə nail olduğu nəticəyə fokuslanır. Hər kəsin lider olmağa çalışdığı yerdə nizam pozular, koordinasiya zəifləyər, vəzifələr qarışar və nəticə itib gedər. Bundan əlavə, rəhbərin müəyyən əməkdaşları xüsusi önə çıxarması, onlara digər işçilərdən daha çox diqqət göstərməsi, digərlərində demotivasiya yaradar. Bu isə sonda “ayrı-seçkilik” probleminə və ümumi missiyanın yavaşlamasına gətirib çıxarar.
Bütün bunlara baxmayaraq, rəhbər öz kollektivinə individual yanaşmalıdır. Onun əməkdaşları ilə münasibəti sadəcə rəsmi və prosedur xarakteri daşımamalı, insani yanaşmanı da özündə ehtiva etməlidir. Hər bir işçiyə insan kimi yanaşmaq, onun ehtiyaclarını, həyatındakı çətinlikləri dinləmək və lazım gəldikdə dəstək olmaq, rəhbərin kollektivdə nüfuzunu möhkəmləndirər. İşçi ona göstərilən dəyəri hiss etdikdə, bu dəyəri öz işinə də əks etdirəcək.
Misal üçün, əgər bir xidmətdə alma paylasaq, hər kəs müxtəlif reaksiya verə bilər – kimisi deyər balaca düşdü, kimisi deyər ləkəlidir. Amma həmin almanı rəhbər özü şəxsi şəkildə, baxaraq, seçərək və təqdim edərək versə, o zaman işçi həmin alma ilə bərabər bir diqqət, bir qayğı, bir insani münasibət almış olar. Bu isə işçinin daxilində rəhbərə qarşı bir məsuliyyət, hörmət və etibar hissi doğurar.
Unutmaq olmaz ki, rəhbərlik bir status deyil, bir dəyərdir. Bu dəyər vəzifədən, möhürdən və kreslodan yox, insanın xarakterindən, əxlaqından və ədalətindən qaynaqlanır. Rəhbər olmaq üçün yalnız vəzifə daşımaq kifayət etmir rəhbər olmaq üçün dəyər sahibi olmaq lazımdır. Rəhbər kiminsə önündə yox, kollektivin yanında durmalıdır. Yalnız bu zaman əsl rəhbərlik mövcud olar və bu rəhbərlik həm qurumu, həm də insanları yüksəldər.
Əli İBRAHİMOV
Vəkil